media-inshot_20251204_135407400

Son zamanlar arıqlama dərmanlarına tələbat xeyli artıb. Çəki problemi olmayan, lakin estetikadan narahat olanlar da piylənmə müalicəsi üçün hazırlanmış dərmanlardan istifadə etməyə başlayıblar.

Estetika cəhətdən ürəyinizi rahatladan bu dərmanlar əslində orqanizminizə necə təsir göstərir?

Patrul.az-ın araşdırmasına görə, son vaxtlar arıqlama dərmanlarına marağın kəskin artması təsadüfi deyil.

İnsanların böyük qismi sürətli nəticə arzulayır, estetik narahatlıqlarını “dərhal həll etmək” istəyir. Çəki problemi olmayan, amma bədən formasından narazı olanların belə bu preparatlara üz tutması isə təhlükənin artıq sosial tendensiyaya çevrildiyini göstərir.

Bu dərmanlar ilk növbədə piylənmə diaqnozu olan insanlar üçün nəzərdə tutulub və onların tərkibi orqanizmin işinə birbaşa müdaxilə edir – iştahanı sıx şəkildə azaldır, qidanın mədədə qalma vaxtını uzadır, hətta bəzi hallarda metabolik proseslərə təsir göstərir. Sürətli arıqlama görüntüsü yaratsa da, bədənin təbii ritmini pozur, hormonal tarazlığa, qaraciyər və mədəaltı vəz fəaliyyətinə yük salır, ürək-damar sisteminə əlavə risklər yaradır.

Üstəlik, bu tip dərmanlar psixoloji asılılıq yaratmaqla bərabər, dayandırıldıqdan sonra sürətli çəki artımı ilə nəticələnə bilir. Ona görə də bu preparatlara “estetik rahatlıq” vasitəsi kimi yanaşmaq yanlışdır. Sağlamlıq həm görünüşdən, həm də rəqəmdən önəmlidir və hər hansı dərman müdaxiləsi yalnız həkimin göstərişi və nəzarəti ilə real tibbi ehtiyac olduğu halda olmalıdır. Bədənin təbii mexanizmlərini zorla dəyişmək əvəzinə, daha ölçülü, davamlı və təhlükəsiz yanaşmalar hər zaman ən doğru yoldur.

Ləman Sərraf


Bənzər xəbərlər