media-img-20251022-wa0022

Son günlər Azərbaycanda dabaq (ağız və dırnaq) xəstəliyinin yayılma halları artmaqdadır. Bu səbəbdən cəmiyyətdə ət məhsullarının satışı və təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaranıb.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Patrulaz.az-ın sorğusuna cavab olaraq bildirib ki, ölkə üzrə heyvan kəsimi məntəqələrinin fəaliyyəti əvvəlki qaydada davam edir və daxili tələbatın ödənilməsi üçün kifayət qədər infrastruktur mövcuddur:

“Əgər 2018-ci ildə respublikada cəmi 6-10 kəsim məntəqəsi fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 120-dən çoxdur. Kəsim müəssisələri müasir standartlara uyğun şəkildə qurulub və burada baytar mütəxəssislərin daimi nəzarəti təmin olunur. Sağlamlığı şübhə doğuran heyvanlar kəsim prosesindən kənarlaşdırılır. Cəmdəklər baytarlıq-sanitariya ekspertizasından keçirilir, möhürlənir və rəsmi sənədlərlə birlikdə satış şəbəkələrinə göndərilir.”

Baş baytarlıq müfəttişi vətəndaşlara yalnız rəsmi möhürlü ət məhsulları almağı tövsiyə edib:

“Vətəndaşlar ətin üzərində rəsmi baytarlıq möhürünün olmasına diqqət etməli, alış zamanı satıcılardan müşayiətedici sənədləri tələb etməlidirlər. 2025-ci il oktyabrın 25-dən etibarən heyvan bazarlarında sağlamlaşdırma tədbirlərinin aparılması məqsədilə mərhələli məhdudiyyətlər tətbiq ediləcək. Lakin bu, ət kəsimi və satışına heç bir maneə yaratmayacaq”.

Xatırladaq ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı çərçivəsində 1953-cü il dekabrın 11-də Roma şəhərində təsdiq edilmiş “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyası”nın Nizamnaməsinə qoşulub.

Bununla bağlı Prezident İlham Əliyev oktyabrın 22-də “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulmaq haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

media-img-20251022-wa0026
Qalib Əbdüləliyev

media-img-20251022-wa0023 media-img-20251022-wa0024 media-img-20251022-wa0025

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər