Artıq bu məsələ Masazır sakinlərinin canını boğazına yığıb - VİDEO
Masazır qəsəbəsində yerləşən Qurtuluş 93 yaşayış kompleksinin arxasında, həyət evlərinin arasından keçən zədələnmiş kanalizasiya xətti artıq 2 ildir ki, yerli sakinləri narahat edir.
Patrulaz.az-a daxil olan məlumata görə, zədələnmiş kanalizasiya borularından sızan tullantı sular otlaqların içindən axaraq ətraf mühitə ziyan vurur.
Yerli sakinlərin iddiasına görə, kanalizasiya sisteminə dəyən zərər SOCAR tərəfindən ərazidə boru işləri aparılarkən baş verib. Daha sonra isə sistem dəyişdirilərək xətt başqa istiqamətə yönləndirilib.
Sakinlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə Azərsu ASC-nin Abşeron Regional Su Kanal İdarəsinə, eləcə də İri şəhərlərin su təchizatı üzrə Dövlət Agentliyinə müraciət olunub. Lakin hər iki qurum cavabında problemin onların balansında olmadığını əsas gətirərək məsuliyyətdən yayınır.
Şikayətçilərdən biri bildirir ki, məsələni Azərsu ASC-nin operativ idarəetmə şobəsinin rəisi Yaşar Bəşirov da çatdırıb. Həmin şəxs ərazidə Azərsu tərəfindən kanalizasiya xətti çəkilmədiyini və bu səbəbdən problemi onların həll edə bilməyəcəyini bildirib.
Sakinlərin ən böyük narazılığı isə illərlə xidmət göstərilməyən bir sistemə görə onlardan ödəniş tələb olunmasıdır:
“Əgər bu xətt sizə məxsus deyilsə, bəs nə üçün burada yaşayan insanlardan hər ay 30 qəpik kanalizasiya haqqı yığılır?” – deyə vətəndaş sual edir.
Suyun torpağı yumşaltması nəticəsində insanların kanalizasiya sisteminə düşmə riski də artıb. Bununla yanaşı, bölgədə yayılan üfunətli iy də gündəlik həyatı çətinləşdirir.
Sakinlər problemin artıq dözülməz hal aldığını bildirərək aidiyyəti qurumlardan təcili müdaxilə və daimi həll yolu xahiş edirlər.
Gülbəniz Səfərova