media-img-20260513-wa0032

Azərbaycanda avtomobillərdə sərnişin daşınması qaydaları həm təhlükəsizlik, həm də yol hərəkəti qaydalarının düzgün tətbiqi baxımından tez-tez müzakirə olunur. Xüsusilə ailəvi səfərlər zamanı arxa oturacaqda neçə nəfərin əyləşə biləcəyi, azyaşlı uşaqların sərnişin sayına daxil edilib-edilməməsi və bu hallarda hansı hüquqi tələblərin qüvvədə olduğu bir çox sürücüləri maraqlandırır. Bəzi hallarda sürücülər uşaqların sayının nəzərə alınmadığını düşünsələr də, qanunvericilikdə bununla bağlı konkret normalar mövcuddur.

Bəs Azərbaycanda avtomobilin arxa oturacağında neçə nəfərin oturmasına icazə verilir? 12 yaşınadək uşaqlar da nəzərə alınanda sərnişin sayı necə hesablanır?

Bu barədə hüquqşünas Nəriman Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, Azərbaycanda arxa oturacaqda sərnişin sayı avtomobilin texniki tutumuna və təhlükəsizlik kəmərlərinin sayına əsasən hesablanır, 12 yaşadək uşaqların “hesaba alınmaması” isə bu tutumu artırmır:

“Azərbaycanda avtomobilin arxa oturacağında sərnişin sayı necə hesablanır?

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi avtomobillərdə sərnişin daşınması qaydalarını və bu qaydaların pozulmasına görə məsuliyyəti müəyyən edir. Bu məsələ praktikada ən çox “arxa oturacaqda neçə nəfər otura bilər?” və “12 yaşadək uşaqlar sərnişin sayına daxil edilirmi?” sualları ilə bağlı mübahisə yaradır.

“Yol hərəkəti haqqında” qanuna əsasən, avtomobildə sərnişin daşınması zamanı əsas meyar nəqliyyat vasitəsinin texniki xarakteristikasıdır. Yəni avtomobilin oturacaq sayı, istehsalçı tərəfindən müəyyən edilən icazə verilən yükgötürmə və sərnişin tutumu, təhlükəsizlik tələbləri əsas götürülür. Bu çərçivədən kənar sərnişin daşınması qanun pozuntusu hesab olunur.

“Yol hərəkəti haqqında” qanunun 56-cı maddəsinin IX hissəsinin 2-ci bəndinə əsasən:

12 yaşından kiçik uşaqlar “hesaba alınmadan” nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda sərnişin daşınması qadağandır.

Bu normanın hüquqi mahiyyəti belə izah olunur:

“hesaba alınmır” ifadəsi avtomobilin fiziki tutumunu artırmır;

bu, yalnız artıq sərnişin daşınmasının hüquqi qiymətləndirilməsi zamanı tətbiq edilən yanaşmadır;

nəqliyyat vasitəsinin texniki imkanları dəyişmir”.

media-img-20260513-wa0031

N.Əliyev qeyd edir ki, Azərbaycanda arxa oturacaqda sərnişin sayı avtomobildəki təhlükəsizlik kəmərlərinin və oturacaq yerlərinin sayına əsasən müəyyən edilir və bu qayda uşaqlar da daxil olmaqla bütün sərnişinlərə şamil olunur:

“Arxa oturacaqda sərnişin sayı birbaşa oturacaq yerlərinin sayına, təhlükəsizlik kəmərlərinin sayına əsasən müəyyən edilir. Əgər arxa oturacaqda 3 təhlükəsizlik kəməri varsa, həmin yerdə maksimum 3 nəfərin daşınmasına icazə verilir. Bu qayda sərnişinin yaşından asılı olmayaraq tətbiq olunur, çünki hər sərnişin üçün ayrıca təhlükəsizlik kəməri tələb olunur.

“Yol hərəkəti haqqında” qanuna əsasən aşağıdakı hallarda uşaqların daşınması qadağandır:

motosiklet və mopedin arxa oturacağında 12 yaşdan kiçik uşaqların daşınması;

minik avtomobilinin qabaq oturacağında xüsusi uşaq saxlayıcı qurğu olmadıqda 12 yaşdan kiçik uşaqların daşınması;

minik avtomobilinin arxa oturacağında xüsusi uşaq saxlayıcı qurğu olmadıqda 3 yaşdan kiçik uşaqların daşınması (arxa oturacaqda yanında bir nəfər böyük müşayiətçi olduğu hallar istisna olmaqla).

Bu tələblər sərnişin sayından əlavə təhlükəsizlik qaydalarıdır”.

Hüquqşünasın sözlərinə görə, arxa oturacaqda sərnişin sayı təhlükəsizlik kəmərlərinin sayına görə müəyyən edilir və qayda pozuntusuna görə 50 manat cərimə tətbiq olunur:

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur və 50 manat məbləğində cərimə tətbiq edilir.

Azərbaycanda avtomobilin arxa oturacağında sərnişin sayı avtomobilin texniki xarakteristikasına, təhlükəsizlik kəmərlərinin sayına, istehsalçı tərəfindən müəyyən edilmiş tutuma əsasən müəyyən edilir. 12 yaşdan kiçik uşaqların “hesaba alınmaması” isə fiziki sərnişin sayını artıran norma deyil, yalnız hüquqi qiymətləndirmə qaydasıdır və təhlükəsizlik kəmərləri ilə müəyyən edilən real tutumu dəyişmir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər