media-img-20260515-wa0100

Küçədə park edilmiş avtomobilə naməlum şəxs tərəfindən cızıq vurulması son illərdə sürücülərin ən çox qarşılaşdığı problemlərdən birinə çevrilib. Xüsusilə yaşayış binalarının həyətlərində, sıx parklanma yerlərində və nəzarətsiz küçələrdə baş verən belə hallarda sürücüləri düşündürən əsas sual isə ziyanın necə qarşılanacağıdır. Hadisəni törədən şəxs tapılmadıqda sığorta ödənişi almaq mümkündürmü?

Bu mövzu ilə bağlı Patrul.az-a danışan hüquqşünas Ayxan Məmmədli bildirir ki, məsələnin həlli ilk növbədə avtomobil sahibinin hansı növ sığortaya malik olmasından asılıdır.

Onun sözlərinə görə, Azərbaycanda bir çox sürücü yalnız icbari avtomobil sığortası ilə kifayətlənir. Lakin bu sığorta növü avtomobil sahibinin öz nəqliyyat vasitəsinə dəymiş zərəri qarşılamır:

“İcbari sığorta yalnız üçüncü şəxslərə vurulan zərərin ödənilməsi üçün nəzərdə tutulub. Yəni sürücü başqa avtomobilə və ya şəxsə zərər vurduğu halda sığorta qüvvəyə minir. Əgər avtomobil küçədə dayanarkən naməlum şəxs tərəfindən cızılıbsa, bu zaman icbari sığorta çərçivəsində kompensasiya almaq mümkün olmur. Belə hallarda əsas rol oynayan sığorta növü KASKO hesab edilir. Əgər avtomobil könüllü KASKO sığortası ilə təmin olunubsa, hadisəni törədən şəxs müəyyən edilməsə belə, sürücü ziyanın ödənilməsi üçün müraciət edə bilər”.

media-img-20260515-wa0102

Bununla belə, hüquqşünas qeyd edir ki, hər KASKO müqaviləsi eyni şərtləri əhatə etmir:

“Bəzi paketlərdə yalnız qəza halları nəzərdə tutulur, bəzilərində isə vandalizm, naməlum şəxslərin hərəkətləri və qəsdən zədələmə halları ayrıca risk kimi göstərilir. Sürücülərin ən çox buraxdığı səhvlərdən biri hadisə baş verdikdən sonra bunu rəsmiləşdirməməkdir. O bildirir ki, avtomobildə cızıq aşkarlanarsa, ilk olaraq hadisə yerinin şəkilləri çəkilməlidir. Zədənin yaxın və ümumi görüntüləri video və foto ilə qeydə alınmalıdır.

Bundan sonra polisə məlumat verilməsi tövsiyə olunur”.

Hüquqşünasın sözlərinə görə, bəzi sığorta şirkətləri hadisə ilə bağlı rəsmi arayış tələb edir və polis sənədi olmadan müraciəti qəbul etməyə bilər:

“Eyni zamanda yaxınlıqda müşahidə kameralarının olub-olmaması araşdırılmalıdır. Çünki təhlükəsizlik kameraları hadisəni törədən şəxsin müəyyən edilməsinə kömək edə bilər. Əgər şəxs tapılarsa, artıq məsuliyyət birbaşa həmin şəxsin üzərinə düşür. Bəzi sürücülər cızığın kiçik olduğunu düşünərək məsələni ciddi qəbul etmir. Lakin sonradan həmin zədə böyüdükdə və ya boya işləri əlavə xərc tələb etdikdə problem daha da mürəkkəbləşir. Sığorta şirkətinə müraciət üçün müəyyən müddətlər də mövcuddur. Hadisə barədə gec məlumat verilməsi bəzi hallarda ödənişdən imtinaya səbəb ola bilər. Buna görə sürücülər mümkün qədər operativ davranmalıdır. Bəzi KASKO paketlərində “franşiza” tətbiq edilir. Bu isə o deməkdir ki, ziyanın müəyyən hissəsini avtomobil sahibi özü ödəməlidir. Məsələn, 200 manatlıq franşiza olduqda, zərər bundan aşağıdırsa, sığorta ödənişi həyata keçirilməyə bilər”.

Hüquqşünas sürücülərə müqavilə imzalayarkən bütün şərtləri diqqətlə oxumağı tövsiyə edir:

“Çünki bir çox hallarda insanlar yalnız sığortanın mövcudluğuna diqqət yetirir, amma hansı risklərin təminata daxil olduğunu araşdırmırlar.İri şəhərlərdə avtomobillərin sıx park edilməsi belə hadisələrin sayını artırır. Xüsusilə gecə saatlarında və nəzarətsiz ərazilərdə avtomobil saxlayan şəxslər daha diqqətli olmalıdırlar. Küçədə naməlum şəxs tərəfindən avtomobilə cızıq vurulması zamanı ziyanın ödənilməsi əsasən KASKO sığortasının şərtlərindən asılıdır.İcbari sığorta belə halları əhatə etmədiyi üçün sürücülərin əlavə sığorta paketlərinə üstünlük verməsi gələcək risklərin qarşısını ala bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər