Axar sular, saf niyyətlər: Su çərşənbəsi ənənələri
Sabah Novruzun ilk çərşənbəsi “Su çərşənbə”si qeyd olunacaq.
Təbii ki, Novruza gedən yol bir gündə başlamır. Təbiət necə ki, birdən-birə oyanmır, insan da bayrama addım-addım hazırlaşır. Bu yolun ilk dayanacağı isə Su çərşənbəsidir. Dörd ünsürün – su, od, yel və torpağın – oyandığını simvolizə edən çərşənbələrin birincisi məhz sudur. Çünki həyatın başlanğıcı sudur, təmizlik sudur, dirçəliş sudur.
Patrul.az-ın araşdırmasına görə, Su çərşənbəsinin kökləri çox qədim dövrlərə, təbiətə sitayiş inancına dayanır. Qədim insanlar suyu müqəddəs sayır, onu yalnız fiziki ehtiyac yox, həm də mənəvi təmizlənmə vasitəsi kimi qəbul edirdilər. Qışın ağır və sərt günlərindən sonra ilk olaraq suların “oyanması”, çayların buzdan açılması baharın müjdəsi sayılırdı. İnanca görə, Su çərşənbəsində sular təzələnir, axar sulara xüsusi qüvvə gəlir və bu su ilə yuyunan, niyyət edən insan il boyu saf və bərəkətli olar.
Bu günlə bağlı ən məşhur adətlərdən biri səhər tezdən axar su üstünə getməkdir. İnsanlar bulaq başına, çay kənarına üz tutur, əl-üzlərini yuyur, suyun üzərindən atlanır və ya su götürüb evə gətirirlər. Evə gətirilən su müqəddəs sayılır, evə səpilir, ailə üzvlərinin üzünə çəkilir. Məqsəd köhnə ilin ağırlığını aparmaq, yeni ilə təmiz başlanğıcla girməkdir.
Bəzi bölgələrdə Su çərşənbəsində qablar su ilə doldurulur, niyyət tutulur, suyun içinə üzük və ya başqa bir əşya atılıb fal açılır. Xüsusilə qızlar bu gecəni niyyət gecəsi kimi qəbul ediblər. Su burada həm taleyin, həm də gələcəyin aynası sayılır. Hətta “Su aydınlıqdır” deyimi də buradan gəlir – su bulanıq deyilsə, il də aydın keçər.
Digər bir inanca görə, Su çərşənbəsi günü evdə dava-dalaş etmək olmaz. Çünki su təmizlik və barışıq rəmzidir. İnsanlar bu gün küsülülərlə barışmağa, könül almağa çalışıblar. Ev-eşik yığışdırılıb, su ilə həyət-baca yuyulub, sanki həm fiziki, həm də mənəvi təmizlik aparılıb.
Müasir dövrdə şəhər həyatı qədim ritual formalarını dəyişsə də, Su çərşənbəsinin mənası yaşayır. Bu gün insanlar evlərini təmizləyir, səməni qoymağa hazırlaşır, Novruz süfrəsinin ilk işartılarını planlaşdırırlar. Hətta su ilə bağlı qədim inancları yerinə yetirməsələr belə, bu günün mahiyyətində yenilənmə, arınma və başlanğıc hissi qalır.
Su çərşənbəsi bizə xatırladır ki, hər başlanğıc təmizlikdən keçir. Qəlbdəki köhnə incikliklər, yorğunluqlar, narazılıqlar axar su kimi ötüb getməlidir ki, yerini bahar alsın. Su necə axıb yolunu tapırsa, insan da həyatında axıcılığı və aydınlığı tapmalıdır.
Novruza aparan ilk addım təmizlənmək, saflaşmaq və yenidən başlamaqdır. Su çərşənbəsi sadəcə təqvim günü deyil, ruhun bahara hazırlaşdığı andır.
Ləman Sərraf






