media-inshot_20250730_162850386

Müasir insan tarixdə heç vaxt olmadığı qədər seçim azadlığına sahibdir. Əldə edə biləcəyimiz məhsullar, işləyə biləcəyimiz sahələr, yaşaya biləcəyimiz ölkələr və hətta sevə biləcəyimiz insanlar sonsuz alternativlərlə qarşımıza çıxır. Bəs bu qədər seçim bizi həqiqətən azad və xoşbəxt edir, yoxsa daha çox qarışıqlıq və narahatlıq yaradır?

Patrulaz.az-ın məlumatına görə, bu paradoksun cavabı bir çox psixoloqlar, filosoflar və sosioloqlar tərəfindən illərlə araşdırılıb. Nəticələr isə düşündüyümüz qədər sadə deyil.

Seçim bolluğu: Azadlıq, yoxsa yük?

Amerikalı psixoloq Barry Schwartz öz məşhur “The Paradox of Choice” (Seçim Paradoksu) kitabında qeyd edir ki, insanlar nə qədər çox seçim qarşısında qalsalar, verdikləri qərardan o qədər az məmnun qalırlar. Çünki insan beyni təbii olaraq itirdiklərinə fokuslanır: bir şeyi seçdikdə, digər bütün variantlardan imtina etmiş oluruq və bu da “daha yaxşısını qaçırdım” hissini yaradır.

Seçimlərin çoxluğu bizi azad etmək əvəzinə, bizi iflic edir.


Bu, qərar verə bilməmək vəziyyəti, yəni qərar iflici (decision paralysis) xüsusilə gənclər arasında getdikcə daha geniş yayılır.

Tükənmək təhlükəsi: Seçim yorğunluğu

Gün ərzində qəbul etdiyimiz qərarların sayı minlərlədir. Nə geyinəcəyimizdən tutmuş, gün ərzində kimə mesaj yazacağımıza qədər saysız seçimlərlə qarşı-qarşıyayıq. Psixologiyada bu hal “decision fatigue”, yəni seçim yorğunluğu adlanır. Bu vəziyyətdə insan bir nöqtədən sonra qərar vermək qabiliyyətini itirir və impulsiv qərarlar verməyə başlayır.

Bir çox tanınmış insanlar, məsələn, Steve Jobs və Mark Zuckerberg bu səbəblə hər gün eyni tərzdə geyinirdilər. Onlar sadə seçimlərlə başlarını yormaq istəmirdilər.

Seçimin psixoloji yükü: Peşmanlıq və özünü günahlandırma

Azad seçim xoşbəxtlik və azadlıqla yanaşı daha çox məsuliyyət və günahkarlıq hissi də gətirir. Əgər hər şeyin seçimini biz etmişiksə, deməli nəticəyə görə də yalnız biz cavabdehik.

Əvvəllər həyatın axarına uyğun hərəkət etmək bir növ rahatlıq idi. İndi isə hər şey sənin əlindədir və “nəyi səhv etdim?”sualı heç vaxt bizi tərk etmir. Bu isə uzunmüddətli peşmanlıq, özünü günahlandırma və narahatlıq kimi nəticələrə səbəb ola bilər.

İnsan beyni sonsuzluğu sevmir

Nevroloji tədqiqatlar göstərir ki, insan beyni məhdud və konkret seçimlər qarşısında daha effektiv qərarlar verir. Alternativlərin çoxluğu isə beyində stres və narahatlıq yaradan siqnalları artırır. Bu, qərar vermə prosesini uzadır və insanın məmnunluq hissini azaldır.

Alternativ azadlıq: Seçim azlığında tapılan rahatlıq

Ənənəvi cəmiyyətlərdə – kəndlərdə, icmalarda insanlar daha az seçim qarşısında qalırdılar. Bəzi tədqiqatlar göstərir ki, bu insanlar yaşadıqları həyatın “öz həyatları olmadığını” düşünsələr də, daha az narahatlıq və depressiya yaşayırlar.

Müasir insan isə hər şeyi özü seçdiyi üçün xoşbəxt olmasa belə, məsuliyyət hissi ilə yaşamağa məcburdur. Seçim bolluğu bir növ “öz həyatının memarı olmaq” illüziyası yaradır.

Bəs nə etməli?

1. Seçimləri məhdudlaşdır
Ən vacib seçimləri daha az sayda alternativlə analiz etməyə çalış. Sürətli qərar verməkdən qorxma.

2. Yetərlilik prinsipi ilə yaşa
“Ən yaxşısını tapmalıyam” düşüncəsi yerinə, “kifayət qədər yaxşıdır” yanaşmasını qəbul et.

3. İç səsinə güvən
Bəzən rasional düşüncə ilə deyil, intuisiya ilə verilmiş qərarlar daha doğru olur.

4. Sosial müqayisədən uzaq dur
Başqalarının seçimlərini əsas götürmək sənə uyğun olmayan nəticələrə aparar.

Həqiqi azadlıq nədir?

Azadlıq hər şeyi seçə bilmək deyil, özün üçün vacib olanı seçmək bacarığıdır. Seçim bolluğu bizi həmişə daha xoşbəxt etmir, əksinə, bəzən bizi azadlıq illüziyası içində boğur. Ən vacib olan, öz prioritetlərini müəyyənləşdirib həqiqi ehtiyaclarını anlamaqdır.

Ləman Sərraf


Bənzər xəbərlər