Qəhrəmanların həlak olduğu "AZAL" təyyarəsinin qəzaya uğramasından bir il ötür...
Bu gün Azərbaycan Hava Yollarına (AZAL) məxsus J2–8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən “Qusar” adlı “Embraer E190AR” tipli təyyarənin Qazaxıstanın Aktau şəhərindən 3 kilometr aralıda qəzaya uğramasından bir il ötür.
Patrul.az xəbər verir ki, qəza zamanı təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə sağ qalıb.
Göyərtədə olan 37 Azərbaycan vətəndaşından 23-ü vəfat edib, 14-ü sağ qalıb. Rusiya vətəndaşlarının sayı 16 nəfər olub – onlardan 7-si həyatını itirib, 9-u sağ qalıb. Qırğızıstan vətəndaşı olan 3 sərnişinin hər üçü sağ qalıb. Qazaxıstandan olan 6 sərnişinin isə hamısı həlak olub.
Qəza zamanı sərnişinlərin xilas olunmasında ekipaj üzvlərinin peşəkarlığı və fədakarlığı xüsusi rol oynayıb. Hadisə nəticəsində təqaüdə çıxmasına cəmi iki ay qalan hava gəmisinin kapitanı İqor Kşnyakin, bir il idi pilot kimi fəaliyyət göstərən köməkçi pilot Aleksandr Kalyaninov, həmçinin sərnişinlərə son ana qədər ümid verən “Hər şey yaxşı olacaq” sözləri ilə yadda qalan təyyarə bələdçisi Hökumə Əliyeva həlak olublar.

Onlar göstərdikləri misilsiz fədakarlığa görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüblər.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan digər ekipaj üzvləri – stüard Zülfiqar Əsədov və stüardessa Aydan Rəhimli isə göstərdikləri şücaətə görə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.
Hadisədən sonra təyyarə qəzasının səbəblərinin araşdırılması məqsədilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb. Eyni zamanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə də Dövlət Komissiyası formalaşdırılıb. Bundan başqa, Azərbaycan və Qazaxıstan ombudsmanları tərəfindən birgə işçi qrupu yaradılıb.
İlkin araşdırmalarda qəzanın səbəbi kimi təyyarənin havada quş sürüsü ilə toqquşması göstərilsə də, sonradan təyyarənin quyruq hissəsində aşkarlanan dəliklər və digər texniki faktlar onun Rusiya ərazisində “Pantsir-S1” zenit-raket kompleksi ilə vurulduğunu ortaya qoyub.
Xatırladaq ki, 9 oktyabr 2025-ci ildə Düşənbədə keçirilən görüş zamanı Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə zamanı ilk dəfə bu hadisəyə münasibət bildirərək, AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulmasına görə üzr istəyib. O, həmçinin kompensasiya məsələsində lazımi addımların atılacağını söyləyib.
Qeyd edək ki, qəzaya uğrayan “Embraer E190AR” tipli təyyarə 2013-cü ildə Braziliyanın “Embraer” şirkəti tərəfindən istehsal olunub və elə həmin il AZAL tərəfindən alınıb. Təyyarə 4K-AZ65 quyruq nömrəsinə malik olub. Qəzaya qədər ümumilikdə 9 949 eniş, 15 257,22 saat uçuş həyata keçirib. Son texniki baxışdan 18 oktyabr 2024-cü ildə keçib və həmin yoxlamadan sonra 671 uçuş saatı qeydə alınıb.
Gülbəniz Səfərova






