"Azərbaycan Afrika qitəsi ilə əlaqələrini genişləndirmək istiqamətində strateji addımlar atır" - DEPUTAT DANIŞDI
“12 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmud ilə görüşü və bu görüş çərçivəsində verdiyi bəyanat, iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu səfər Somali Prezidentinin Azərbaycana ilk rəsmi səfəri olmaqla yanaşı, Azərbaycanın Afrika qitəsi ilə əlaqələrini genişləndirmək istiqamətində atdığı mühüm addımlardan biri kimi qiymətləndirilə bilər. Azərbaycan və Somali arasında diplomatik əlaqələr son illərdə intensivləşməkdədir. Azərbaycanın xarici siyasətində Asiya, Avropa və MDB ölkələri ilə yanaşı, Afrika regionuna da xüsusi diqqət ayrılır. Bu çərçivədə Somali ilə ikitərəfli münasibətlərin qurulması və inkişaf etdirilməsi Bakı üçün yeni siyasi və iqtisadi imkanlar açır”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Azər Kərimli deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev bəyanatında iki ölkə arasındakı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayaraq, Azərbaycanın beynəlxalq əməkdaşlığa açıq olduğunu və Afrikanın inkişafına dəstək verməyə hazır olduğunu bildirdi: “O, Somali ilə əməkdaşlığın qarşılıqlı hörmət və qarşılıqlı maraqlara əsaslandığını qeyd etdi.
Azərbaycan dünya enerji bazarında mühüm aktorlardan biridir və onun zəngin təcrübəsi Afrika ölkələri, o cümlədən Somali üçün böyük maraq kəsb edir. Somali hazırda enerji sektorunda ciddi problemlərlə üzləşir və xarici investorların cəlb edilməsinə ehtiyac duyur. Azərbaycan bu sahədə öz təcrübəsini bölüşməklə, Somali ilə enerji sahəsində əməkdaşlıq perspektivlərini inkişaf etdirə bilər.
Bundan əlavə, kənd təsərrüfatı, infrastruktur və ticarət sahələrində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Azərbaycanın son illərdə qeyri-neft sektorunun inkişafına xüsusi önəm verməsi Somalinin iqtisadi diversifikasiyasına töhfə verə bilər.
Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycanın hər zaman beynəlxalq humanitar missiyalarda fəal iştirak etdiyini və Somali xalqının inkişafına töhfə verməyə hazır olduğunu bildirdi. Xüsusilə təhsil sahəsində əməkdaşlıq məsələsi gündəmdədir. Somali gənclərinin Azərbaycan universitetlərində təhsil alması üçün xüsusi proqramların yaradılması mümkündür. Bu, təkcə ikitərəfli əlaqələri gücləndirməklə kifayətlənməyəcək, eyni zamanda Somalinin gələcək inkişafına təkan verəcəkdir.
Somali regionda təhlükəsizlik problemləri ilə üzləşən ölkələrdən biridir və beynəlxalq terrorçuluğa, dəniz quldurluğuna qarşı mübarizədə dəstəyə ehtiyac duyur. Azərbaycan isə uzun illərdir beynəlxalq sülh və təhlükəsizlik məsələlərində fəal iştirak edir. Bakı və Mogadişu arasında bu sahədə əməkdaşlıq qurulması regional təhlükəsizliyin gücləndirilməsinə töhfə verə bilər.
Azərbaycan və Somali arasında ikitərəfli münasibətlərin inkişafı həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə yeni imkanlar yaradır. Prezident İlham Əliyevin Somali lideri ilə görüşü və verdiyi bəyanat bu əməkdaşlığın perspektivlərini açıq şəkildə ortaya qoyur. Azərbaycan Afrika qitəsi ilə əlaqələrini genişləndirmək istiqamətində strateji addımlar atarkən, Somali ilə münasibətlər xüsusilə vacib rol oynayacaq. Bu əməkdaşlığın uzunmüddətli perspektivdə hər iki ölkənin maraqlarına uyğun olacağı şübhəsizdir”.
Səbinə Hüseynli