"Azərbaycan artıq informasiya məkanının gələcəyini müəyyən edən müzakirələrə ev sahibliyi edir" - Vüqar İskəndərov
“IV Şuşa Qlobal Media Forumu artıq təkcə Azərbaycanın deyil, qlobal media və siyasi dialoq platformalarından birinə çevrilib. Dünyanın müxtəlif ölkələrindən jurnalistlərin, ekspertlərin və media rəhbərlərinin Şuşada bir araya gəlməsi Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş statusunun növbəti təsdiqidir”.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov Patrul.az-a açıqlamasında Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunun əhəmiyyətini şərh edərkən səsləndirib.
Millət vəkili forumda jurnalistlərin suallarını cavablandıran Prezident İlham Əliyevin çıxışında səsləndirilən əsas məqamlara da toxunub:
“Prezident İlham Əliyevin forumdakı çıxışı həm regional, həm də qlobal gündəmlə bağlı mühüm mesajlarla yadda qaldı. Dövlət başçısı Azərbaycanın müstəqil xarici siyasət kursunun dəyişməz olduğunu, ölkəmizin milli maraqlara əsaslanan prinsipial mövqeyini bir daha ortaya qoydu. Xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, regional əməkdaşlıq perspektivləri, Zəngəzur dəhlizinin əhəmiyyəti, qlobal enerji təhlükəsizliyi və yeni geosiyasi reallıqlarla bağlı səsləndirilən fikirlər beynəlxalq auditoriyaya ünvanlanmış mühüm mesajlar idi”.

Həmsöhbətimiz forumda diqqət çəkən digər vacib məsələlərə də toxunub:
“Forumun mühüm cəhətlərindən biri informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və süni intellekt dövründə medianın məsuliyyəti kimi aktual mövzuların müzakirə olunmasıdır. Bu isə göstərir ki, Azərbaycan artıq təkcə siyasi və iqtisadi gündəmi deyil, həm də informasiya məkanının gələcəyini müəyyən edən müzakirələrə ev sahibliyi edir.
Şuşada keçirilən belə beynəlxalq platformalar həm Qarabağın bərpasını dünyaya nümayiş etdirir, həm də Azərbaycanın sülh, əməkdaşlıq və dialoq məkanı olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlər Azərbaycanın gələcək strateji hədəflərini, regional liderlik mövqeyini və qlobal proseslərdə artan rolunu aydın şəkildə ortaya qoydu”.
Gülbəniz Səfərova






