“Azərbaycan beynəlxalq arenada söz sahibidir” – DEPUTAT DANIŞDI
“Ulu Öndər Heydər Əliyevin başladığı və Prezident cənab İlham Əliyevin davam etdirdiyi müstəqil, qüdrətli Azərbaycan dövlət quruculuğu zaman-zaman öz nəticəsini verir. Bu gün Azərbaycan öz suveren hüquqlarını beynəlxalq hüququn imkan verdiyi bütün çərçivələrdə qoruya bilir. Azərbaycan ərazi bütövlüyünü təmin etdi, bir sıra sahələrdə ciddi islahatlar keçirərək böyük nəticələr əldə olundu. Ölkəmizdə insanların hüquq və azadlıqları qorunur, azad sahibkarlığa dövlət dəstəyi var. Eyni zamanda ölkə iqtisadiyyatında da ciddi dəyişikliklər müşahidə olunur. Belə ki, 1990-cı illərin əvvələrində iqtisadiyyatımızın mütləq əksəriyyətini neft-qaz təşkil edirdi. Hazırda isə qeyri-neft sektoru iqtisadiyyatımızın ən azı 50 faizini təşkil edir və bu rəqəm durmadan artır. Azərbaycanın qətiyyəti, müstəqil siyasəti öz nəticəsini verir”.
Bu sözləri “Patrulaz”a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, Azərbaycan beynəlxalq arenada söz sahibidir: “Bu isə ölkəmizin regionda və beynəlxalq aləmdə layiq olduğu yeri tutmasına imkan yaradır. Azərbaycan regionun lider dövlətidir və regionla bağlı bütün məsələlərdə Azərbaycanın rəyi nəzərə alınır. Azərbaycanın apardığı siyasət inkişafı təmin edir. Eyni zamanda Azərbaycanın həyata keçirdiyi siyasət digər regionlarda da problemlərin beynəlxalq hüquqa söykənərək həll edilməsi üçün nümunə rolunu oynayır.
Bu gün Azərbaycanla dost olmaq istəyən ölkələrin sayı həddindən artıq çoxdur. Azərbaycanın Qoşulmama Hərəkatına dörd il rəhbərlik etməsi, BMT Təhlükəsizlik Şurasının iki il ərzində qeyri-daimi üzvü olması Azərbaycanın qüdrətini daha da artırdı. Azsərbaycan mühüm tədbirlər və idman yarışlarının məkanına çevrilib. Bu isə hər dəfə dünyanın diqqətini Azərbaycana yönləndirir.
Bu gün Azərbaycanın dövlətçilik modeli digər dövlətlərin də diqqətini cəlb edir”.






