“Azərbaycan əməkdaşlıq coğrafiyasını genişləndirir” - ŞƏRH
“Azərbaycan dünyanın müxtəlif coğrafiyalarında əməkdaşlığı genişləndirməkdə özünün təsir imkanlarını formalaşdırır. Bu Azərbaycanın inkişafının yeni tarixi mərhələsinin əsas xarici siyasi vektorlarından biridir və ölkəmizin bunun üçün kifayət qədər potensialları mövcuddur. Bu baxımdan Somali ilə Azərbaycan arasında əlaqələrin qurulması Azərbaycanın Afrika qitəsində də əlaqələrini genişləndirdiyini göstərir. Düzdür, Somali dünyanın ən kasıb ölkələrindən biridir və daxili siyasəti olduqca qeyri-müəyyəndir. Ölkənin şimalında üsyançılarla mərkəzi hakimiyyət arasında qanlı toqquşmalar davam edir. Amma Azərbaycanın ölkəni inkişaf etdirmək və separatizmlə mübarizə təcrübəsi Somali üçün maraqlı ola bilər”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
O bildirib ki, Somali kasıb və qarışıq ölkə olmasına baxmayaraq, orada iqtisadi inkişaf üçün də müəyyən imkanlar mövcuddur: “Azərbaycan bir sıra istiqamətlərə sərmayə yönləndirə biləcək gücdədir, ölkəmizin kifayət qədər uğurlu təcrübəsi mövcuddur.
Səmərəli dövlət sistemlərinin yaradılması Azərbaycanın artıq brendidir. Eyni zamanda iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə yönləndirilməsi Somali prenzidentinin Azərbaycana səfəri zamanı razılaşdırıldı. Burada diqqəti cəlb edən əsas məqam Azərbaycanın əməkdaşlıq coğrafiyasını genişləndirməsi ilə bağlıdır. Bir sözlə, beynəlxalq təmasların geniş olması həm siyasi, həm də iqtisadi cəhətdən ölkəmizin inkişafının genişlənməsini şərtləndirir”.