“Azərbaycan hər zaman İranla münasibətlərə xüsusi diqqət ayırıb“- DEPUTAT DANIŞDI
“Azərbaycan hər zaman İranla münasibətlərə xüsusi diqqət ayırıb. Çünki İran Azərbaycanın qonşusu və dünyada azərbaycanlıların ən çox yaşadığı ölkələrdən birincisidir. Bu səbəbdən də iki ölkənin bütün məsələlərdə sinxron hərəkət etməsi, yaxın qonşu və dost ölkələr olması hər iki dövlətin xalqlarının maraqlarından irəli gəlir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidenti daim İranla münasibətləri diqqətdə saxlayır:
“İstər beynəlxalq müstəvidə, istərsə də ikili münasibətlərdə İran-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olması üçün lazımi bütün addımlar atılır. Bu səbəbdən də Pezeşkian İran prezidenti seçildikdən dərhal sonra Azərbaycan dövlət başçısı öz təbrik məktubunda onu ölkəmizə dəvət etmişdir. İndi isə təkrar Pezeşkian Azərbaycana dəvət olundu. Düşünürəm ki, bu dəvət iki ölkə arasındakı münasibətlərin daha da yüksək səviyyəyə qaldırılması üçün çox vacibdir. Bu səfər baş tutarsa, İranla Azərbaycan arasında olan münasibətlər yüksək səviyyəyə qalxa bilər. Eyni zamanda bu münasibətləri korlamağa çalışan üçüncü tərəflər də yaxşı cavab almış olarlar. İran və Azərbaycan ortaq maraqlardan çıxış etməyi bacarmalıdır. Azərbaycan Prezidenti müharibədən dərhal sonra “3+3” platformasını təklif edərək, İranın da burada iştirakının zəruriliyini bildirmişdir”.