“Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi həssas mərhələdən keçir” - ŞƏRH
“Sülh danışıqları ilə bağlı kifayət qədər uğurlu nəticələr əldə olunsa da, çox təəssüflər olsun ki, bu nəticələr bizi sülhə yaxınlaşdıran həlledici məqam deyil. On yeddi bənddən on beşi üzrə razılığa gəlinib, lakin razılaşdırılmamış iki bənd sülhün təməl prinsiplərini əks etdirir. Digər tərəfdən isə davamlı şəkildə silahlandırılan Ermənistan tərəfi demək olar ki, açıq şəkildə hərbi qarşıdurmaya hazırlanır”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.

O bildirib ki, Ermənistan rəsmilərinin ziddiyyətli bəyanatları, şərti sərhədddə və Naxçıvan istiqamətində atəşkəsin pozulması halları, Avropa İttifaqının “mülki missiyasının” davamlı xarakter alan “müşahidələri” və bir sıra başqa əsassız və absurd addımlar onu göstərir ki, erməni cəmiyyətində hələ də revanşist əhval-ruhiyyənin hökm sürməsini istəyən maraqlı tərəflər üstünlük təşkil edir və onlar işğalçı Ermənistanı regionda yeni süni münaqişə ocağı yaratmaq üçün hazırlayırlar: “Belə olan halda sülh danışıqlarında durğunluq dövrünün müşahidə edilməsi də təbii haldır. Amma düşünürəm ki, Avropa (Fransa) mərkəzli siyasi dairələrin Ermənistanı himayə etmək cəhdlərində də bir qədər geriləmə müşahidə edilir ki, bu da birbaşa olaraq Tramp administrasiyasının Cənubi Qafqaz siyasətində izlənilən yeni yanaşmaların və Türkiyə-Azərbaycan müttəfiqliyinin regionda həlledici amilə çevrilməsinin labüd nəticəsidir. Nəticə etibarilə, Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi həssas mərhələdən keçir və Ermənistan tərəfinin qətiyyətsizliyi nəticəsində kifayət qədər kənar təsirlərə məruz qalaraq uğursuz istiqamətə yönəlir”.