“Azərbaycan-İran münasibətlərində yeni səhifə” – DEPUTAT DANIŞDI
“Ölkəmiz region ölkələri ilə münasibətlər müstəvisində ancaq dostluq, mehriban qonşuluq, səmərəli əməkdaşlıq prinsiplərinə üstünlük verir. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan qarşılıqlı hörmət və əməkdaşlıq prinsipini əsas götürərək yaxın qonşuluq əlaqələrini daim prioritet kimi qəbul edib. Tarixən bu prosesə radikallar kölgə salmağa cəhd etsələr də, Azərbaycan heç zaman bu manipulyasiyaların iştirakçısı olmayıb. Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi – Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İrana səfəri çərçivəsində bir sıra rəsmilərlə yanaşı, bu ölkənin prezidenti Məsud Pezeşkian tərəfindən də qəbul edilib. Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran prezidentinə çatdırıb. İran İslam Respublikasının prezidenti salamlara, dəvətə görə təşəkkürünü bildirib və onun da səmimi salamlarını İlham Əliyevə çatdırılmasını xahiş edib. Dövlət rəsmisinin səfər çərçivəsində iştirak etdiyi görüşlər bir növ dünya və Cənubi Qafqaza mesaj xarakteri daşıyıb.
Bu fikirləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, Azərbaycan İranla heç bir məhdudiyyət olmadan və qarşılıqlı fayda üçün mehriban qonşuluq şəraitində siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdır. İki ölkə arasında münasibətlərdə əsas məqam inam yaratmaq və anlaşılmazlıqları aradan qaldırmağa çalışmaqdır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev qeyd edib ki, iki ölkə arasında münasibətlərin səviyyəsi sırf diplomatik formatdan kənara çıxmalı, digər dövlət və özəl sahələrə də yayılmalıdır.
Qeyd edək ki, Azərbaycan və İran arasında iqtisadi əlaqələr uzun müddətdir mövcuddur və müxtəlif sahələri əhatə edir. Hər iki ölkə özünün geosiyasi mövqeyi və iqtisadi maraqları baxımından bir-biri ilə ticarət və iqtisadi əməkdaşlıqda maraqlıdır. 1992-ci ildən etibarən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiya fəaliyyət göstərir. Bəzi illər istisna olmaqla Azərbaycanın İranla ticarət dövriyyəsi əsasən yüksələn xətlə inkişaf edib. 2024-cü ildə Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 647 milyon dollar olub. 2023-cü illə müqayisədə dövriyyə 33 faiz artıb. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi sahədə 30-a yaxın sənəd imzalanmışdır ki, bunlardan nisbətən mühümləri investisiyaların qarşılıqlı təşviqi və qorunması, ticarət, enerji, nəqliyyat, turizm, gömrük məsələlərində əməkdaşlıq, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, iqtisadiyyat və ticarət üzrə əhatəli əməkdaşlıq üzrə sazişlərdir.
K.Bayramov əlavə edib ki, görüşdə Azərbaycan – İran dostluq münasibətlərinin sülh şəraitində birgəyaşayış, daxili işlərə qarışmama və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. İranda baş tutan görüş həm də regionun siyasi səhnəsi üçün olduqca böyük əhəmiyyət daşıyır. Belə ki, Hikmət Hacıyevlə İran İslam Respublikası Prezidentinin siyasi müşaviri dr. Mehdi Sanayi və xarici işlər naziri Abbas Araqçı arasında aparılan səmərəli müzakirələrin nəticəsi olaraq Azərbaycan-İran dostluq münasibətlərinin sülh şəraitində birgəyaşayış, daxili işlərə qarışmama və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi ilə bağlı ciddi yol qət edilib. Bununla yanaşı, hər iki ölkənin iştirakçısı olduğu təşkilatlarda səmərəli fəaliyyət barədə fikir mübadiləsi aparılıb. “3+3” regional formatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olunub.
Tehran səfəri onu deməyə əsas verir ki, regionda İran üçün Azərbaycanın əhəmiyyəti olduqca böyükdür. Məhz regionda davamlı sülhün təmin olunmasında İran öz töhfəsini əsirgəməyəcək. İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi İsmayıl Bəqai bildirib ki, Qafqazda təhlükəsizlik, o cümlədən, Azərbaycan və Ermənistan da daxil olmaqla, bütün qonşuların təhlükəsizliyi bizim üçün çox vacibdir: “Bizim Azərbaycan və Ermənistanla uğurlu münasibətlərimiz var və son günlərdə diplomatik danışıqlar aktivləşib. İran iki ölkə arasında dialoqun inkişafına yardım etməyə hazır olduğunu ifadə edib”.
Səbinə Hüseynli






