“Azərbaycan nəqliyyat dəhlizləri ilə bağlı əldə etdiyi imkanlarla yetinmək fikrində deyil“ – ŞƏRH OLUNDU
“Ölkə başçısının yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı bir sıra aspektlərdən diqqət çəkən oldu. Çıxışda ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, tamamlanmış və hələ də icra edilməkdə olan layihələr, bu istiamətdə nəzərdə tutulan yeni proqramlarla yanaşı beynəlxaq nəqliyyat dəhlizləri və Azərbaycanın təqdim etdiyi imkanlar haqqında ətraflı məlumat verildi”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, Avrasiyanın nəqliyyat xəritəsinin Azərbaycansız, bizim nəqliyyat infrastrukturu olmadan təsəvvür etməyin mümkün olmadığı qeyd olundu: “Həqiqətən də son illər ərzində həyata keçirilən layihələr, nəqliyyat infrastrukturuna yatırılan sərmayə Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevrildiyini sübut edir. Bu məqam beynəlxaq qurumların hesabatlarında da öz əksini tapıb. Beynəlxaql maliyyə qurumlarının hesablamalarına görə ölkəmiz dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdə qərarlaşır. Bu olduqca böyük göstəricidir və ən əsası da odur ki, heç kim tərəfindən mübahisələndirilmir.
Ərazimizdən keçən beynəlxaql nəqliyyat dəhlizləri, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizləri vasitəsilə daşınan yüklərin həcminin hər keçən il artması da ölkəmizin mühüm nəqliyyat mərkəzi olduğunu təsdiqləyir. Həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizlərində yüklərin həcminin artması əlavə tədbirlərin görülməsini də zəruri edir və bu istiqamətdə də fəaliyyət həyata keçirilir. Bu istiqamətdə artıq bir sıra işlər görülüb. Yüklərin daha səmərəli daşınması üçün müvafiq infastruktur yaradılıb, qonşu ölkələrlə yeni əməkdaşlıq formatları fonunda ortaq, müştərək müəssisələr qurulub. Prezidentin Sərəncamı ilə “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Proqramında bu mühüm məqam öz əksini tapır ki, son dövrlər regionda baş verən geosiyasi proseslər fonunda Şərqlə Qərb arasında ənənəvi marşrutlarda yaranmış problemlər Azərbaycan ərazisindən keçən dəhlizlər üzrə tranzit yükdaşımaların həcmində kəskin artıma səbəb olmuşdur. Artan tələbatın qarşılanması, Azərbaycanın tranzit potensialının daha da gücləndirilməsi, eləcə də ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi üçün qısa və orta müddətli perspektivdə həyata keçiriləcək tədbirləri özündə ehtiva edən sənədin hazırlanmasına ehtiyac yaranmışdı. Bu sərəncam və görülmüş işlər onu göstərir ki, Azərbaycan nəqliyyat dəhlizləri ilə bağlı əldə etdiyi imkanlarla yetinmək fikrində deyil. Yəni başqa sözlə bu istiqamətdə fəaliyyət davamlı olaraq həyata keçirilir və əldə olunan nailiyyətlər də göz qabağındadır.
Onu da qeyd edim ki, uzun illər ərzində Azərbaycanın nəqliyyat imkanlarının genişləndirilməsinə qarşı Qərbdən, xüsusilə də ABŞ-dan böyük təzyiqlər var idi. Ermənistan mühüm nəqliyyat layihələrindən kənarda qaldığı üçün ABŞ Bakı-Tbilisi-Qars layihəsinin icrasına belə maneçilik törədirdi. Ölkə başçısının da dediyi kimi ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Bir neçə il Gürcüstan tərəfi ilə danışıqlar aparıldıqdan sonra nəhayət razılıq əldə edildi və bu gün artıq Bakı-Tbilisi-Qars layihəsinin nə qədər əhəmiyyətli bir layihə olduğu hər kəs tərəfindən qəbul olunur. Dünyanın 100 möhtəşəm layihəsi siyahısına daxil edilən, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən və qitələri birləşdirən önəmli layihə kimi dünya birliyinin diqqətini cəlb edən Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirdi deyə bilərik.
Müşavirədə təbii olaraq Zəngəzur dəhlizi məsələsinə də toxunuldu və müvafiq bəyanatlar səsləndirildi. Zəngəzur dəhlizinin mütləq şəkildə həyata keçəcəyini deyən ölkə başçısı bu layihənin Azərbaycan layhəsi olduğunu xüsusilə vurğuladı. Həqiqətən də İkinci Qarabağ müharibəsindəki zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə məhz Azərbaycanın davamlı səyləri nəticəsində salınıb. Ermənistan hər nə qədər bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləsə də 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir.
Ölkə başçısı çıxışında Paşinyanın “Sülh kəsişməsi” layihəsinə də münasibət bildirdi və bu layihənin Azərbaycansız heç bir dəyəri olmadığına dair mesaj da verdi. Həqiqətən də Azərbaycan olmadan və bizim dövlət olaraq yaratdığımız və təqdim etdiyimiz infrastruktur olmadan həmin layihnin icrası praktik olaraq mümkün deyil. Məlumdur ki, adı çəkilən layihə ilkin olaraq Hindistandan İrana və oradan da Ermənistan və Gürcüstan vasitəsi ilə Qara dənizdən keçən və Avropaya nəql edilən kommunikasiya xətti olaraq başa düşülürdü. Lakin çox keçmədi ki, hər kəs, o cümlədən də Paşinyan özü bu layihənin Azərbaycan olmadan icra edilməsinin mümkünsüz olduğunu dərk etdilər. Ona görə də indi Paşinyan həmin layihəni Azərbaycan və Türkiyəni də əhatə edən layihə olaraq təqdim etməyə çalışır. 30 il ərzində İranla dəmir yol xətti belə qura bilməyən bir ölkənin bu cür iddialı layihələr haqqında danışması təbii olaraq gülüş doğuru.
Odur ki, Ermənistan bu cür perspektivsiz layihələr haqqında danışmaqdansa daha praktik fəaliyyətlə, yəni Zəngəzur dəhlizinin açılması ilə məşğul olsa daha yaxşı olar. Çünki əks halda Ermənistanın dalan dövlət statusundan qurtulmaq və tranzit ölkəyə çevrilmək imkanları yoxdur”.






