“Azərbaycan Prezidentinin Zelenski ilə görüşü ölkəmizin müstəqil siyasət yürütməsinin göstəricisidir” – ŞƏRH
“Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidentinin Ukrayna prezidenti ilə görüşməsi müxtəlif nöqteyi nəzərdən dünyada diqqət çəkən məqamdır. Çünki Ukraynanın Rusiya ilə müharibə vəziyyətində olması faktına görə, Rusiyanın strateji müttəfiqi sayılan Azərbaycan dövlət başçısının Zelenski ilə görüşməsi bütün hallarda sual doğurur. Lakin bu məqam o dairələrdə sual doğura bilər ki, onlar Azərbaycanın müstəqil və tərəfsiz siyasət aparması ilə bağlı məlumatlı deyil”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Azərbaycan Rusiyanın strateji müttfəqi olması ilə yanaşı Ukrayna kimi Rusiya ilə müharibə vəziyyətində olan ölkələrin mənafelərinə beynəlxalq hüquq prinsipləri çərçivəsində yanaşmağı bacaran bir dövlətdir: “Bu baxımdan Azərbaycan Prezidentinin Zelenski ilə görüşü ölkəmizin müstəqil, tərəfsiz və beynəlxalq hüquq normalarına uyğun siyasət aparan ölkə olduğunu göstərir. Eyni zamanda Zelenski də ölkəsinin müstəqil və suveren ölkə olmasına maraq göstərən hər bir ölkə rəhbəri ilə görüşməyə hazır olduğunu nümayiş etdir. Bir sözlə, Azərbaycan və Ukrayna dövlət başçılarının görüşü beynəlxalq hüquq çərçivəsində olduqca normaldır və beynəlxalq münasibətlərin indiki şəraitində bütün ölkələr üçün nümunə olacaq addımdır”.






