"Azərbaycanın təhsil sisteminə süni intellektlə bağlı fənlər daxil edilməlidir" - Əmrah Həsənli
Son illər dünyada rəqəmsal texnologiyaların sürətli inkişafı təhsil sisteminə də təsirsiz ötüşmür. Xüsusilə süni intellekt alətləri gündəlik həyatın, biznesin və medianın ayrılmaz hissəsinə çevrilib. Bu fonunda “Xəbərimiz Var” verilişində “Şagirdlərə məktəbdə süni intellekt öyrədilməlidirmi?” sualı ilə sorğu keçirilib.
Sorğunun nəticələrinə əsasən, iştirakçıların 59 %-i süni intellektin məktəblərdə mütləq tədris olunmalı olduğunu bildirib. 24 %-i bunun üçün hələ tez olduğunu düşünür, 17 %-i isə mövzunun sınaq məqsədilə tətbiqinin daha məqsədəuyğun olacağını qeyd edib. Rəqəmlər göstərir ki, cəmiyyət bu məsələdə birmənalı mövqedə deyil və müxtəlif yanaşmalar mövcuddur.
Bəs görəsən, Azərbaycanın təhsil sisteminə süni intellektlə bağlı ayrıca fənlərin daxil edilməsi nə dərəcədə vacibdir və bu addım şagirdlərin gələcək bacarıqlarına necə təsir göstərə bilər?
Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Patrul.az-a açıqlamasında bildirib ki, süni intellekt artıq gələcəyin deyil, uşaqlarımızın bu texnologiyanı istifadə edib yaradıcı tərəfə çevrilməsi məsələsidir:
“Xəbərimiz Var” verilişində aparılan sorğunun nəticələri cəmiyyətin artıq bu mövzuya biganə qalmadığını göstərir. 59 faizin “mütləq” deməsi təsadüfi deyil. Çünki süni intellekt artıq gələcəyin deyil, bu günün reallığıdır. Biz istəsək də, istəməsək də uşaqlarımız bu texnologiya ilə təmasdadırlar. Məsələ ondadır ki, onlar süni intellektdən sadəcə istifadə edən tərəf olacaq, yoxsa onu anlayan, yönləndirən və yaradan tərəfə çevriləcəklər”.

Ə.Həsənli qeyd edir ki, süni intellektin təhsilə mərhələli və düşünülmüş inteqrasiyası uşaqlarda tənqidi düşünmə, məlumat analizi və texnologiyanı düzgün idarə etmə bacarığını formalaşdırmalıdır:
“Hesab edirəm ki, Azərbaycanın təhsil sisteminə süni intellektlə bağlı məzmun mütləq daxil edilməlidir. Amma bu, tələsik və formal bir fənn əlavə etməklə yox, mərhələli və düşünülmüş şəkildə həyata keçirilməlidir. Əvvəlcə müəllim hazırlığı, kurikulumun yenilənməsi və yaş səviyyəsinə uyğun inteqrasiya modeli müəyyənləşdirilməlidir. Süni intellekt ibtidai sinifdə alqoritmik düşünmə və rəqəmsal savadlılıq kimi təqdim oluna bilər, yuxarı siniflərdə isə daha praktik və tətbiqyönümlü istiqamət ala bilər. Burada əsas məqsəd uşaqlara proqram yazmağı öyrətməkdən daha çox, tənqidi düşünməyi, məlumatı analiz etməyi və texnologiyanın etik tərəflərini dərk etməyi aşılamaq olmalıdır. Süni intellektdən düzgün istifadə etməyən nəsil formalaşdırsaq, bu, riskdir. Amma onu anlayan və idarə edə bilən nəsil yetişdirsək, bu, böyük üstünlükdür”.
Ekspertin sözlərinə görə, süni intellektin təhsilə inteqrasiyası artıq strategiya məsələsidir və ölkəmiz gələcəyin iqtisadiyyatında söz sahibi olmaq üçün bu istiqamətdə addım atmalıdır:
“Dünyada artıq bir çox ölkələr bu istiqamətdə addımlar atır və biz prosesdən kənarda qala bilmərik. Təhsil sistemi əmək bazarının və texnoloji inkişafın arxasınca yox, önündə getməlidir. Əgər biz gələcəyin iqtisadiyyatında söz sahibi olmaq istəyiriksə, məktəbdə süni intellekt mövzusu müzakirə yox, strategiya məsələsi olmalıdır”.
Cəmilə Cəfərzadə






