“Azərbaycan təzyiqlərə baxmayaraq, müstəqil daxili və xarici siyasətini davam etdirəcək”- DEPUTAT DANIŞDI
“Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən, xüsusilə də Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Qərbin müəyyən dairələri mütəmadi olaraq Azərbaycana qarşı qərəzli kampaniya aparır. Azərbaycanın geosiyasi vəziyyəti, regionda tutduğu strateji yer, eyni zamanda zəngin təbii sərvətləri sözügedən dairələri narahat edir. Belə ki, Ulu Öndər Heydər Əliyevdən başlayaraq və hazırda da cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilərək, Azərbaycan öz daxili-xarici siyasətini müstəqil qurur. Dövlətimiz təbii sərvətlərinə tam yiyələnir və onu Azərbaycan dövlətinin qüdrətlənməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına sərf edir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, Azərbaycan milli maraqlarına uyğun siyasət yürüdür və bir addım da olsun geri çəkilmir: “Bütün bunlar isə Qərbdə müəyyən dairələri narahat edir. Çünki onlar eyni çirkin prinsipi davam etdirirlər. Belə ki, bu və ya digər ölkəyə qarşı təbliğat kampaniyası aparmaq, onu zəiflətməyə çalışmaq, daxilində V kalon yaradaraq, hakimiyyətə qarşı təzyiq aparatı kimi istifadə etmək üçün daim çalışırlar. Bu gün Azərbaycanda xaricdən maliyyələşən siyasi dairələr demək olar ki, yoxdur. Azərbaycan daxilində bu gün kəskin vətəndaş qarşıdurması yoxdur. Bütün bunlara görə Qərbin bəzi dairələri Azərbaycanı bu və ya digər məsələlərdə günahlandırmağa çalışırlar. Bu istiqamətdə müxtəlif bəyanatlar qəbul edir, dövlətimiz barəsində yalan məlumatlar yaymağa çalışırlar. Amma görünən odur ki, Azərbaycanda demokratiya, insan hüquqları, azad mətbuat var. Həmçinin ölkəmizdə xarici kapitalın fəaliyyətinə şərait yaradılır. Qərb isə təzyiqlərini davam etdirərək, sadalanan müsbət məqamların qarşısını almağa çalışır. Amma Azərbaycan təzyiqlərə baxmayaraq, bundan sonra da dövlətimiz müstəqil daxili və xarici siyasət həyata keçirəcək”.
Səbinə Hüseynli






