“Azərbaycan Türkiyəyə hər bir formada öz dəstəyini göstərdi” – POLİTOLOQ
“Azərbaycan Türkiyədə baş verən zəlzələdən sonra qardaş ölkənin yanında ilk yer alan və hər zaman Türkiyəyə ən böyük dəstəyi göstərən ölkədir. Azərbaycanın qardaş yardımları təkcə Türkiyə mediasında yox, adekvat şəkildə beynəlxalq mediada da böyük maraq doğurdu”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, Azərbaycan xilasedicilərinin peşəkarlığı, zəlzələdən əziyyət çəkən insanlara və bölgəyə yardımları da xüsusi diqqətə layiq məqamdır: “Xilasedicilərimiz dağıntılar altından insanların çıxarılması üçün həftələrlə Türkiyədə qaldılar. Eyni zamanda Azərbaycan bütün heyəti və imkanları ilə hər zaman Türkiyənin yanında olduğunu nümayiş etdirdi.
Bundan əlavə Azərbaycan Türkiyədə zəlzələdən əziyyət çəkən ərazilərin bərpasında da yaxından iştirak etdi. Kahraman Maraşda zəlzədən sonra məhz Azərbaycan məhəlləsinin salınması, ölkəmizin burada abadlıq-quruculuq işini öz üzərinə götürməsi də qardaş ölkəyə dəstəyimizin növbəti dəfə göstəricisidir. İstənilən halda Türkiyədə zəlzələdən sonrakı dövrdə Azərbaycan hər bir formada öz dəstəyini nümayiş etdirdi”.