media-img-20260514-wa0052

Rəqəmsallaşmanın sürətlə genişləndiyi müasir dövrdə kibertəhlükəsizlik artıq təkcə texniki məsələ deyil, milli təhlükəsizlik, iqtisadi sabitlik və vətəndaş məlumatlarının qorunması baxımından strateji əhəmiyyət daşıyan sahəyə çevrilib. Azərbaycanda dövlət qurumlarının elektron xidmətləri, bank-maliyyə sektoru, enerji infrastrukturu, telekommunikasiya sistemləri və müxtəlif onlayn platformaların istifadəsinin artması kiberhücum risklərini də yüksəldir. Xüsusilə məlumat sızmaları, fişinq hücumları, kritik infrastruktura yönələn kiberhədələr və insan amilindən qaynaqlanan təhlükəsizlik boşluqları bu sahədə diqqət çəkən əsas problemlər sırasındadır.

Azərbaycanda kibertəhlükəsizlik sahəsində hansı sistemlər və platformalar daha çox hücum riski ilə üzləşir, mövcud boşluqlar nədən ibarətdir və onların qorunmasının gücləndirilməsi üçün hansı addımlar atılmalıdır?

Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Elnur Atayev Patrul.az-a açıqlamasında bildirib ki, dövlət və kritik rəqəmsal sistemlər kiberhücumların əsas hədəfi olsa da, gücləndirilən təhlükəsizlik və monitorinq tədbirləri risklərin qarşısının alınmasına kömək edir:

“Azərbaycanda kibertəhlükəsizlik sahəsində son illərdə ciddi inkişaf müşahidə olunur və dövlət qurumları bu istiqamətdə müdafiə mexanizmlərinin gücləndirilməsi üçün mühüm addımlar atırlar. Xüsusilə rəqəmsal xidmətlərin genişlənməsi fonunda dövlət infrastrukturlarının qorunması prioritet məsələlərdən birinə çevrilib. Hazırda dövlət qurumları, maliyyə sektoru, telekommunikasiya sistemləri və kritik informasiya infrastrukturları ən çox hədəf alınan sahələr sırasında olsa da, bu istiqamətdə təhlükəsizlik imkanları əvvəlki illərlə müqayisədə daha da gücləndirilib.

Müşahidələr göstərir ki, müasir kibertəhdidlər artıq təkcə texniki hücumlarla məhdudlaşmır. Fişinq, sosial mühəndislik və saxta rəqəmsal platformalar vasitəsilə istifadəçilərin məlumatlarını əldə etməyə çalışan qruplar daha aktiv fəaliyyət göstərirlər. Buna baxmayaraq, dövlət qurumları tərəfindən həyata keçirilən monitorinq sistemləri, təhlükəsizlik nəzarəti və operativ reaksiya mexanizmləri mümkün risklərin qarşısının alınmasında mühüm rol oynayır”.

media-img-20260424-wa0036

E. Atayev qeyd edir ki, təhlükəsizlik güclənsə də, kibertəhlükələrdə əsas risk insan faktoru olaraq qalır və maarifləndirmə həlledici rol oynayır:

“Azərbaycanda kibertəhlükəsizlik sahəsində əsas üstünlüklərdən biri dövlət səviyyəsində koordinasiyanın gücləndirilməsidir. Kritik informasiya infrastrukturlarının mühafizəsi, təhlükəsizlik auditlərinin keçirilməsi, beynəlxalq əməkdaşlıqlar və kibertəhlükəsizlik üzrə ixtisaslaşmış mərkəzlərin fəaliyyəti bu sahədə dayanıqlılığı artırır. Xüsusilə son illərdə dövlət qurumlarında təhlükəsizlik siyasətlərinin sərtləşdirilməsi, çoxmərhələli autentifikasiya sistemlərinin tətbiqi və məlumatların qorunması üzrə standartların gücləndirilməsi müsbət nəticələr verir.

Mövcud çağırışlar əsasən qlobal kibertəhdidlərin sürətlə dəyişməsi ilə bağlıdır. Dünyada olduğu kimi Azərbaycanda da ən vacib məsələlərdən biri insan faktorudur. Bu səbəbdən maarifləndirmə və kibergigiyena sahəsində aparılan təlimlər xüsusi əhəmiyyət daşıyır. Dövlət və özəl sektor əməkdaşlarının təhlükəsizlik mövzusunda davamlı məlumatlandırılması potensial risklərin minimuma endirilməsinə kömək edir”.

Mütəxəssis hesab edir ki, süni intellekt əsaslı sistemlərin tətbiqi, kadr hazırlığı və təhlükəsizlik mərkəzlərinin gücləndirilməsi ölkənin kibermüdafiə imkanlarını daha da artıracaq:

“Hesab edirəm ki, gələcək dövrdə süni intellekt əsaslı təhlükə aşkarlama sistemlərinin geniş tətbiqi, yerli kibertəhlükəsizlik mütəxəssislərinin hazırlanması və təhlükəsizlik əməliyyat mərkəzlərinin imkanlarının artırılması Azərbaycanın kibermüdafiə potensialını daha da gücləndirəcək. Ümumilikdə isə hazırkı mərhələdə dövlət tərəfindən kibertəhlükəsizlik sahəsinə göstərilən diqqət və həyata keçirilən tədbirlər ölkənin rəqəmsal təhlükəsizliyinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər