media-inshot_20250804_185545982

“Sən dəli olmusan? Psixoloqa getmək nəyə lazımdır axı?”

Bu cümləni Azərbaycanda bir çox insan ya eşidib, ya deyib, ya da içindən keçirib. Amma getdikcə daha çox insan içindəki səssiz suallara cavab axtarır: Mən niyə belə hiss edirəm? Niyə bu qədər yorğunam? Ən nəhayət, bəlkə bir psixoloqa müraciət etməliyəm?

Psixoloji sağlamlıq nədir və niyə bu qədər vacibdir?

media-inshot_20250804_184059936

Patrulaz.az-ın məlumatına görə, psixoloji sağlamlıq dedikdə bəzilərinin gözündə sadəcə xəstəliklər – depressiya, panik atak, travma canlanır. Halbuki bu, yalnız görünən tərəfidir. Gündəlik emosiyalarımız, münasibətlərdəki davranışlarımız, özümüzə necə yanaşdığımız – bunların hamısı psixoloji rifahın göstəriciləridir.

Dünya Səhiyyə Təşkilatına görə, psixoloji sağlamlıq təkcə xəstə olmamaq deyil, həm də potensialını gerçəkləşdirmək, streslə başa çıxmaq və cəmiyyətə faydalı bir fərd olmaq qabiliyyətidir. Deməli, “normalam, psixoloqa ehtiyacım yoxdur” düşüncəsi olduqca səthidir.

Azərbaycanda psixoloqa getmək niyə tabu sayılır?

media-inshot_20250804_184322877

Sovet mirası bizə “psix” və “dəli” sözlərini bir yerdə miras qoydu. Psixoloq və psixiatr anlayışları bir-birinə qarışdı. Uşaqlıqdan psixoloqa gedənin “problemli” biri olduğunu eşidə-eşidə böyüdük.

Ailə içində hər şeyin “özümüz həll edərik” kimi görünməsi, hisləri bölüşməyin zəiflik sayılması, “kişi ağlamaz” yanaşması bu tabu mədəniyyətini daha da möhkəmləndirdi. Psixoloqa getmək, xüsusilə kişi üçün, “kişilikdən çıxmaq” kimi damğalanır.

Əlavə olaraq, bəzi dini dairələrdə psixoloji yardım “iman zəifliyi” ilə əlaqələndirilir. Halbuki İslam daxil olmaqla bir çox dinlərdə ruh sağlamlığına verilən dəyər çox dərindir. Biz sadəcə bunu unuduruq.

Yeni nəsil və psixoloji oyanış: Tabular qırılırmı?

media-inshot_20250804_184835947

Sosial medianın təsiri ilə vəziyyət dəyişməyə başlayıb. Artıq “psixoloqa getdim” demək ayıb yox, bəzən fəxrlə edilən bir paylaşım halına gəlib. “Instagram”, “TikTok”, “YouTube” kimi platformalarda terapevtlərin aktiv fəaliyyəti, sadə dillə emosional problemlərdən danışmaları tabuları yumşaldır.

Ən əsası gənclər artıq “niyə belə hiss edirəm” sualını soruşmağa başlayıblar. Bu, psixoloji oyanışın başlanğıcıdır. Lakin bu dəyişiklik hələ də şəhər mühitinə və orta sinif təbəqəsinə xasdır. Kəndlərdə, yaşlı nəsildə tabu hələ də daş kimi ağırdır.

Dəyişiklik nədən keçir?

media-inshot_20250804_184933384

Əgər biz psixoloqa getməyi yalnız “problemli olmaq” kimi görürüksə, deməli, dili dəyişmək lazımdır. Psixoloji yardım özünü inkişaf etdirməyin, sağlam münasibətlər qurmağın, daxili rahatlıq tapmağın bir yoludur.

Məktəblərdə real psixoloji xidmət yoxdur. Bəzi “məktəb psixoloqları”nın işi yalnız sənəd doldurmaqdan ibarətdir. Televiziyada, xəbər portallarında psixologiyadan danışan qonaqlar bəzən mövzudan uzaq olur, nəticədə cəmiyyətin etibarı azalır.

Digər tərəfdən, yaxşı psixoloq tapmaq, seans qiymətlərinin yüksək olması, sığorta sisteminin bu xidməti əhatə etməməsi də ciddi maneədir. Psixoloji yardım elita xidmətinə çevrilməməlidir.

Son olaraq, hamımızın içində danışmağa ehtiyacı olan bir “mən” var. O “mən”i boğmaqla yox, ona qulaq asmaqla yaşamaq mümkündür. Psixoloqla danışmaq bəzən bir ömürlük susqunluğu çözmək üçün ilk addımdır.

Utanmağa yox, başlamağa ehtiyacımız var.

Ləman Sərraf


Bənzər xəbərlər