"Azərbaycandan idxal edilən benzində heç bir keyfiyyət problemi aşkar edilməyib" - Ermənistan rəsmisi
“Azərbaycandan idxal edilən benzində heç bir keyfiyyət problemi aşkar edilməyib”.
Patrul.az “Sputnik Armenian”a istinadən xəbər verir ki, bunu Ermənistanın Bazar Nəzarəti Müfəttişliyinin rəisi Armen Kotolyan bildirib.
O qeyd edib ki, Ermənistan yanacaqdoldurma məntəqələrində aparılan yoxlamalar zamanı bir sıra qanun pozuntuları aşkar edilsə də, Azərbaycandan gətirilən benzində heç bir qanunsuzluq aşkarlanmayıb.
Məlumata görə, yanacaq nümunələri Ermənistanın Milli Standartlaşdırma və Metrologiya Mərkəzində laboratoriya müayinəsindən keçirilib.
Nəticələr göstərib ki, benzinin keyfiyyəti Avrasiya İqtisadi Birliyinin (AİB) texniki tələblərinə tam uyğundur.
“Keyfiyyət baxımından heç bir pozuntu aşkar edilməyib. Lakin yanacaqdoldurma məntəqələrində satılan yanacağın mənşəyini müəyyən etmirik”, – Kotolyan əlavə edib.
Xatırladaq ki, ötən ilin dekabrında Ermənistan onilliklər ərzində ilk dəfə Azərbaycan benzini alıb. Tranzit olaraq Gürcüstan ərazisindən 1 200 ton neft məhsulları daşınıb. Yanvarın əvvəlində isə Azərbaycandan Ermənistana yeni partiya – 6 100 ton benzin və 1 500 ton dizel yanacağı göndərilib.






