Azərbaycanlı jurnalistdən Rus aparıcılarının təxribatlı sözlərinə CAVAB: "Əgər bu davam edərsə, Azərbaycan mediası da..."
Azərbaycanlı jurnalist Həmid Həmidov Rusiya KİV-lərinin Xankəndi şəhərinin adını rəsmi formada deyil, “Stepanakert” olaraq təqdim etməsini kəskin tənqid edib.
Patrulaz.az xəbər verir ki, H. Həmidov son vaxtlar rusiyalı aparıcıların ölkəmizə qarşı işlətdiyi qərəzli sözləri “Azərbaycana qarşı informasiya təxribatı” adlandırıb.
Həmidov, xüsusilə Rusiyanın aparıcı xəbər agentliyi olan TASS və digər media qurumlarının mövqeyinin “qəbuledilməz” olduğunu bildirib.
O, hətta Mixail Qusmanın Şuşa Qlobal Media Forumunda iştirakından sonra vəzifəsindən kənarlaşdırılmasını da xatırladaraq bildirib ki, bu kimi mövqelər Rusiya-Azərbaycan media münasibətlərinə zərər vurur:
“Əgər bu cür aksiyalar davam edərsə, Azərbaycan mediası da Rusiyanın Königsberq, Sarasu, Sucukkale kimi şəhərlərinin tarixi adlarından istifadə edə bilər”, – deyə Həmidov bildirib.
O, həmçinin Qırğızıstan, Moldova və Belarus jurnalistlərini bu məsələdə həmrəylik göstərməyə və ölkələrin rəsmi adlarına hörmət prinsipini müdafiə etməyə çağırıb.






