media-inshot_20260209_192144679

Son dövrlərdə dünyada məktəblərdə baş verən silahlı insidentlər valideynləri, müəllimləri və dövlət qurumlarını uşaqların kibermühitdə təhlükəsizliyinə daha çox diqqət yetirməyə vadar edib. Bir çox ölkələr azyaşlıların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq edir, onlara təsir edən alqoritmik məzmunlara nəzarəti gücləndirir və aqressiv kompüter oyunlarının yayılmasını məhdudlaşdırır.

Bəs bu tədbirlər real risklərin azalmasına nə dərəcədə təsir göstərə bilər və uşaqların təhlükəsizliyini təmin etmək üçün əlavə hansı addımlar atıla bilər?

Kibertəhlükəsizlik üzrə ekspert Elvin Abbasov Patrul.az-a açıqlamasında bildirib ki, dövlətlər uşaqların rəqəmsal mühitdəki fəaliyyətinə ciddi nəzarət tətbiq edir, lakin risklərin real azalması yalnız qanunlar, valideyn nəzarəti və məktəb psixoloqlarının birlikdə koordinasiyalı fəaliyyəti ilə mümkündür:

“Dünyada məktəb insidentlərinin artması ilə paralel olaraq, dövlətlər uşaqların rəqəmsal mühitdəki fəaliyyətinə münasibəti “tam azadlıq” modelindən “ciddi dövlət tənzimləməsi” modelinə keçirirlər. Hazırkı tendensiya ondan ibarətdir ki, sosial şəbəkə alqoritmləri və aqressiv oyunlar artıq sadəcə əyləncə deyil, uşaq psixologiyasını manipulyasiya edən və real dünyada zorakılığa təşviq edən rəqəmsal silahlar kimi qəbul edilir. Avstraliyanın 16 yaşdan aşağı uşaqlara sosial media qadağası qoyması, Çinin onlayn oyunlara həftəlik 3 saatlıq limit tətbiq etməsi və bir çox ölkələrin məktəblərdə smartfonları tam qadağan etməsi bu yeni nəzarət dalğasının əsas hissələridir. Bu istiqamətdə atılan addımların real riskləri azaltma dərəcəsi iki əsas amildən asılıdır: texniki icra və ailə nəzarəti. Qanunvericilik səviyyəsində tətbiq edilən yaş limitləri və aqressiv məzmunlu oyunların bloklanması, uşaqların zorakılıq səhnələrinə qarşı “emosional kütləşmə” (desensitization) riskini fiziki olaraq azaldır və onların real sosial mühitə adaptasiyasını sürətləndirir. Lakin mütəxəssislər vurğulayırlar ki, dövlət qadağaları təkbaşına kifayət deyil; əgər ailələrdə rəqəmsal savadlılıq aşağıdırsa, uşaqlar VPN və ya saxta profil vasitəsilə bu sistemləri asanlıqla dolanırlar. Beləliklə, qadağalar riskləri əhəmiyyətli dərəcədə azaltsa da, ən yüksək nəticə yalnız “qanun + valideyn nəzarəti + məktəb psixoloqu” üçlüyü koordinasiyalı işlədikdə edilir”.

media-inshot_20260209_191523442

Mütəxəssis qeyd edir ki, Azərbaycanda oyun sənayesində zorakılıq və aqressiv məzmunun artması, lakin tənzimləyici qurumun olmaması azyaşlıların bu məzmunla üzləşmə riskini artırır:

“Azərbaycanda da bu sənaye yeni inkişaf etməsinə baxmayaraq, vəziyyət narahatedicidir, son vaxtlar yerli oyun sənayesində də azda olsa, milli-mənəvi dəyərlərdən uzaq, aqressiv və zorakılıq məzmunlu oyunların yaradıldığı müşahidə olunur. Təəssüf ki, hazırda ölkəmizdə fəaliyyət göstərən oyun studiyalarına və onların istehsal etdiyi məzmunlara birbaşa nəzarət edən, yaş kateqoriyalarını müəyyənləşdirən vahid bir tənzimləyici qurum (məsələn, beynəlxalq PEGI və ya ESRB sisteminin yerli analoqu) mövcud deyil. Bu tənzimləmə boşluğu, yerli istehsal olan zərərli məzmunların heç bir filtrdən keçmədən birbaşa azyaşlılara çatmasına və gələcəkdə “İdrak” liseyindəki kimi xoşagəlməz hadisələrin daxili mənbələrdən tətiklənməsinə zəmin yaradır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər