media-inshot_20250910_173842894

Son günlərdə Bakı metrosunda ödənişin uz tanınma sistemi vasitəsilə həyata keçiriləcəyi barədə məsələlər müzakirə edilir. Günümüzdə elektron ödəniş sistemləri və müxtəlif smart kart tətbiqləri ilə gediş haqqı ödənişi sadə olsa da, bəzi mütəxəssislər daha müasir metodların, o cümlədən üz tanıma texnologiyasının istifadəyə verilməsini gündəmə gətirirlər.

Bu barədə ilk olaraq AzInTelecom” MMC-nin Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev çıxışlarının birində bildirib ki, belə bir sistemin yerüstü nəqliyyatda, o cümlədən avtobuslarda tətbiq etmək üçün əvvəlcə sınaqlar keçirmək lazımdır.

Maraqlıdır ki, Bakı metrosunda üz tanıma texnologiyası ilə gediş haqqı sisteminin tətbiq olunacağı məsələsi nə qədər əhəmiyyətlidir? 

Bu barədə Patrulaz.az-a öz fikirlərini bölüşən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, metronun bu məsələdən də vacib görüləcək işləri var:

“Ümumilikdə metronun görüləcək çox işləri var. Birincisi, artıq üç xətt var və onların müstəqil fəaliyyətini təmin etmək üçün Dərnəgül deposu tikilib bitirilməlidir. Sonra Xocəsən deposunun təkmilləşdirmə layihəsi həyata keçirilməlidir. Yaşıl və qırmızı xətlərin ayrılması layihəsi də var. İçərişəhərin arxasında dönmə kamerası tikilməlidir ki, bu layihə mövcud metronun daha qısa intervalla hərəkətini təmin etsin və üç xətlərin müstəqil fəaliyyətini mümkün etsin.

Növbəti mərhələ metro xətlərinin inkişafıdır. Yeni xətlərin şəhər mərkəzinə çatdırılması, yaşıl xəttin təkmilləşdirilməsi və dəniz boyu yeni stansiyaların tikilməsi planlaşdırılır. Bu layihələr sərnişin axınının daha düzgün paylanmasına və daşınan sərnişin sayının artmasına gətirib çıxaracaq. 57 yaşlı metronun bugünkü infrastrukturunu təkmilləşdirmək üçün rabitə sisteminin modernləşdirilməsi, elektrik stansiyalarının yenilənməsi və digər vacib işlər görülməlidir”.

R. Ağamirzəyev açıqlamasında bildirdi ki, üz tanıma ilə ödəniş sistemi hələ önəmli məsələ deyil. Ekspertin sözlərinə görə, metronun inkişafı, sərnişinlərin rahat hərəkətini təmin edəcək digər layihələr hazırda daha vacibdir:

“Bu gün üz tanıma sistemi ilə ödəniş üsulü proritet bir mövzu deyil. Yəni, bizim onsuz da öz ödəniş üsulumuz var. Bundan daha da önəmli olan bank kartı – “Google Pay”, “Apple Pay” vasitəsilə ödəniş imkanıdır. Üz tanıma texnologiyası gələcəkdə tətbiq oluna bilər, amma olmasa da dünya dağılmayacaq. Bugün metronun görüləcək işləri o qədər çoxdur ki, üz tanıma siyahıda ən axırıncı yerdədir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər