Bakıda "Bakıkart" aparatındakı nasazlıq sərnişinləri çətin vəziyyətdə qoyub - VİDEO
Bakının Azadlıq prospektində yerləşən “Bakıkart” ödəmə terminalının düzgün işləməməsi sərnişinlərin narazılığına səbəb olub.
Patrulaz.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə terminala manatla ödəniş etməyə çalışan sərnişinlər cihazın yalnız qəpik qəbul etdiyinə dair məlumatla qarşılaşdıqlarını bildiriblər. Lakin aparatın qəpik hissəsi bağlı olduğu üçün ödənişi tamamlayıb kartı doldurmaq mümkün olmur.
Sərnişinlər deyirlər ki, bu cür nasazlıqlar təkcə bu aparatda deyil, digər ödəmə terminallarında da müşahidə olunur. Avtobusa minmək üçün kartına pul yükləmək istəyən sakinlər, uzun müddət vaxt itirdiklərini və alternativ çıxış yolu tapmaqda çətinlik çəkdiklərini qeyd edirlər.
Vətəndaşlar aidiyyəti qurumlardan belə texniki problemlərin operativ şəkildə aradan qaldırılmasını və ödəmə aparatlarının daimi nəzarətdə saxlanılmasını xahiş edirlər.