media-af8baee7-cabd-4b59-8d2b-1f4bc78282a1

Bakıda məşhur Xudafərin restoranda toy süfrəsinə kababla birlikdə yanmış maçalka təqdim edilib

Bakıda yerləşən və müxtəlif tədbirlərin keçirildiyi “Xudafərin” restoranında keçirilən toy mərasimində şok hadisə baş verib. Toy iştirakçılarının Patrulaz.az-a verdiyi məlumata görə, süfrəyə təqdim olunan kababın üzərində yanmış təmizləyici süngər – maçalka olub.

Hadisə toy zamanı qonaqlardan biri tərəfindən aşkar edilib və görüntülər redaksiyamıza təqdim olunub. Məlumata əsasən, yanmış süngər mətbəxdə kabab bişirilməsi zamanı kababla birlikdə şişə düşərək ocaq üzərində yanıb və eyni vəziyyətdə qonaqlara təqdim edilib. Süngərin zərərli qoxusu və görünüşü toy iştirakçılarının narazılığına səbəb olub.

Hadisə ilə bağlı ekspertlər Patrulaz.az-a açıqlamasında bildirib ki, bu cür məsuliyyətsizlik restoran mədəniyyətinə və qida təhlükəsizliyinə ciddi zərbə vurur:

“Əgər toyda iştirak edən qonaq yanmış maçalkanı fərq etmədən kababla birlikdə yesəydi, bu onun sağlamlığında ciddi fəsadlara səbəb ola bilərdi. Süni materiallardan hazırlanan təmizləyici süngərlər nə həzm olunur, nə də zərərsizdir. Onlar mədədə tıxanıqlıq, kimyəvi zəhərlənmə, infeksiya və allergik reaksiyalara səbəb ola bilər. Bu, sadəcə təsadüf deyil, həm də ciddi nəzarətsizlikdir.”

Qeyd edək ki, təmizləyici süngərlər adətən poliuretan və ya selüloz kimi kimyəvi maddələrdən hazırlanır və insan orqanizmi tərəfindən həzm olunmur. Belə süngərlərin təsadüfən udulması vəziyyətində bağırsaq tıxanıqlığı və digər tibbi müdaxilə tələb edən hallara yol açması mümkündür.

Hazırda hadisə ilə bağlı restoran rəhbərliyinin açıqlaması əldə olunmayıb. Məsələ ilə bağlı aidiyyəti qurumların – xüsusilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılması xahiş edilir.


Bənzər xəbərlər