media-img-20260713-wa0032

“İyulun 19-da öz işinə başlayan IV Şuşa Qlobal Media Forumu dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, jurnalistləri, ekspertləri və beynəlxalq təşkilatların nümayəndələrini Azərbaycanın mədəniyyət paytaxtı Şuşada bir araya gətirdi. Bu il Forumun “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunması müasir beynəlxalq münasibətlər sistemində informasiya təhlükəsizliyi, etibarlı kommunikasiya və media məsuliyyəti məsələlərinin nə qədər aktual olduğunu bir daha nümayiş etdirir”.

Bu sözləri Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bu gün Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun əhəmiyyətindən danışarkən deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin forumdakı çıxışı müasir dövrdə medianın strateji əhəmiyyətini və həqiqətin qorunmasının vacibliyini bir daha ön plana çıxardı:

“Şuşa artıq yalnız Azərbaycanın tarixi və mədəniyyət mərkəzi deyil, həm də beynəlxalq dialoq, sülh, əməkdaşlıq və qlobal müzakirələrin aparıldığı mühüm platformaya çevrilib. Məhz işğaldan azad edilmiş Şuşada belə mötəbər forumun keçirilməsi xüsusi siyasi və simvolik məna daşıyır. Bu, Azərbaycanın postmünaqişə dövründə sülh gündəliyini təşviq edən dövlət kimi beynəlxalq nüfuzunun daha da gücləndiyini göstərir. Forum çərçivəsində Prezident cənab İlham Əliyevin çıxışı həm regional, həm də qlobal informasiya siyasəti baxımından mühüm mesajlarla yadda qaldı. Dövlət başçısı vurğuladı ki, müasir dövrdə media yalnız xəbəri çatdıran vasitə deyil, həm də ictimai rəyin formalaşmasına, xalqlar arasında qarşılıqlı etimadın qurulmasına və beynəlxalq münasibətlərə təsir göstərən strateji institutdur. Prezident Azərbaycanın 30 ilə yaxın davam edən işğal dövründə informasiya mübarizəsində üzləşdiyi çətinlikləri, həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması istiqamətində görülən işləri və 44 günlük Vətən müharibəsi zamanı informasiya cəbhəsində əldə olunan uğurları xüsusi qeyd etdi. Azərbaycanın təcrübəsi göstərdi ki, informasiya müharibəsində həqiqətin müdafiəsi ən az hərbi və siyasi mübarizə qədər əhəmiyyətlidir”.

M.Vəliyeva qeyd edir ki, IV Şuşa Qlobal Media Forumu dezinformasiyaya qarşı həqiqətə əsaslanan, məsuliyyətli və beynəlxalq əməkdaşlığa açıq media mühitinin formalaşdırılması baxımından mühüm platformadır:

“Uzun illər ərzində ölkəmizə qarşı formalaşdırılmağa çalışılan yanlış təsəvvürlərin aradan qaldırılması üçün ardıcıl və sistemli informasiya siyasəti həyata keçirildi. Bu siyasətin nəticəsində beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı mövqeyi ilə daha yaxından tanış oldu və regionda yaranmış yeni reallıqlar qəbul edilməyə başladı. Bu gün dünyada dezinformasiya, saxta xəbərlər, manipulyasiya olunmuş informasiya axınları və rəqəmsal platformalarda informasiya təhlükəsizliyi qlobal çağırışlardan biri hesab olunur. Belə şəraitdə medianın əsas missiyası yalnız operativlik deyil, həm də obyektivlik, peşəkarlıq və məsuliyyət prinsiplərinə sadiq qalmaqdır. Həqiqətin bərpası və etimadın yenidən qurulması məhz etibarlı jurnalistika və peşəkar media fəaliyyətindən keçir. IV Şuşa Qlobal Media Forumu bu baxımdan beynəlxalq media nümayəndələri arasında təcrübə mübadiləsinin genişləndirilməsi, informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsi və media etikası ilə bağlı yeni yanaşmaların müzakirəsi üçün mühüm platformadır. Forum müxtəlif ölkələrin media nümayəndələrinə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və quruculuq prosesini yerində görmək, regionda formalaşan yeni reallıqları birbaşa müşahidə etmək imkanı yaradır. Müasir diplomatiyada “media diplomatiyası” anlayışı getdikcə daha böyük əhəmiyyət qazanır. Dövlətlər arasında etimadın formalaşmasında, münaqişələrin həlli prosesində və beynəlxalq əməkdaşlığın inkişafında medianın rolu artıq ənənəvi kommunikasiya vasitələrinin hüdudlarını aşaraq strateji alətə çevrilib. Şuşa Qlobal Media Forumu da məhz bu baxımdan Azərbaycanın beynəlxalq humanitar və informasiya diplomatiyasının mühüm elementlərindən biridir”.

media-img-20260706-wa0113-1

Deputatın sözlərinə görə, IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sülhün, obyektiv medianın və beynəlxalq əməkdaşlığın təşviqinə sadiqdir:

“Prezident cənab İlham Əliyevin Forum çərçivəsində verdiyi mesajlar Azərbaycanın dəyişməz mövqeyini bir daha ortaya qoydu: Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, regionda yeni əməkdaşlıq mühitinin yaradılması və münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında inkişaf etdirilməsi ölkəmizin əsas prioritetlərindəndir. Bu məqsədlərə nail olunmasında obyektiv və məsuliyyətli medianın fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Azərbaycan informasiya məkanında şəffaflıq, açıq dialoq və beynəlxalq əməkdaşlıq prinsiplərini təşviq etməklə qlobal media gündəminə mühüm töhfə verir. Şuşada keçirilən Forum həm də onu nümayiş etdirir ki, işğaldan azad olunmuş ərazilər artıq münaqişə deyil, sülh, inkişaf, beynəlxalq əməkdaşlıq və dialoq məkanına çevrilib. IV Şuşa Qlobal Media Forumu bir daha təsdiq edir ki, müasir dünyada davamlı sülh yalnız siyasi razılaşmalarla deyil, həm də həqiqətə əsaslanan informasiya mühiti, qarşılıqlı etimad və məsuliyyətli media fəaliyyəti ilə mümkündür. Azərbaycan isə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həm regional, həm də qlobal miqyasda mühüm təşəbbüslərlə çıxış edərək beynəlxalq informasiya əməkdaşlığının formalaşmasına və sülh gündəliyinin təşviqinə əhəmiyyətli töhfə verməyə davam edir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər