media-shusha_mediaforum_17

Şuşada keçirilən IV Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna müharibəsinə toxunub.

Patrul.az xəbər verir ki, dövlət başçısı çıxışı zamanı Ukraynadakı mövcud vəziyyətlə bağlı fikirlərini bölüşərək, işğal reallığı ilə barışmamağın vacibliyini önə çəkib.

“Heç vaxt işğalla razılaşmayın. Ukrayna da bunu edir – razılaşmır”.

Dövlət başçısının sözlərinə görə, müəyyən dairələrin hərbi əməliyyatların dayandırılması və işğalın qəbul edilməsi istiqamətində göstərdiyi təzyiqlərə rəğmən, Ukrayna xalqı və rəhbərliyi bu vəziyyətlə barışmır. Prezident bu prinsipial mövqeyin Azərbaycanın öz tarixi təcrübəsinə əsaslandığını diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan uzun illər torpaqlarının işğal altında qalmasına baxmayaraq, heç vaxt bu reallığı qəbul etməyib və nəticədə öz ərazi bütövlüyünü bərpa etməyə nail olub.

Vaxtilə bəzi aparıcı dövlətlərin Azərbaycana əraziləri Ermənistana güzəştə getməsi üçün təzyiq etdiyini, hətta müəyyən təhdidlərin səsləndirildiyini xatırladan Ali Baş Komandan xalqın iradəsinin sarsılmaz olduğunu vurğulayıb:

“Müstəqillik uğrunda mübarizə aparan və kimliyini qoruyan xalqı məğlub etmək mümkün deyil. Onları kölələşdirmək, iradələrini zorla qəbul etdirmək mümkün deyil”.

Azərbaycan lideri ölkəsinin Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını hər zaman dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini bir daha söyləyib.


Bənzər xəbərlər