media-dava2

Münasibətlərdə ən çox müzakirə olunan mövzulardan biri də geyim seçimləri və qısqanclıqdır. Bəzi kişilər həyat yoldaşının və ya sevgilisinin müəyyən tərzdə geyinməsini istəmir, bunu ailə dəyərləri, qısqanclıq və ya cəmiyyətin münasibəti ilə əsaslandırırlar. Maraqlıdır ki, eyni şəxslər küçədə, işdə və ya sosial şəbəkələrdə həmin geyim tərzini seçən digər qadınlara diqqət yetirməkdən də çəkinmirlər. Bu isə “qadağa” ilə “diqqət” arasındakı ziddiyyəti gündəmə gətirir. Görəsən, bunun səbəbi nədir? Kişilər öz xanımlarına müəyyən geyim qadağaları qoyduqları halda, niyə həmin tərzdə geyinən başqa qadınlara baxırlar?

Patrul.az mövzu ilə bağlı psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun fikirlərini öyrənib.

O bildirib ki, bu məsələ insan davranışı, münasibətlər psixologiyası və sosial normaların kəsişdiyi mürəkkəb mövzulardan biridir:

“Ona görə də buna yalnız gender prizmasından yanaşmaq düzgün olmaz.

İlk növbədə qeyd etmək lazımdır ki, vizual diqqət insan psixologiyasının təbii xüsusiyyətlərindən biridir. İnsanlar ətrafdakı fərqli, diqqətçəkən və estetik görünən obyektlərə istər-istəməz baxa bilirlər. Ancaq baxmaq, maraq göstərmək, emosional bağlılıq yaratmaq və ya xəyanət etmək eyni anlayışlar deyil. Bu fərqləri bir-birindən ayırmaq vacibdir.

Bəzi hallarda kişi həyat yoldaşına və ya xanımına müəyyən geyim məhdudiyyətləri qoyur, lakin özü eyni tərzdə geyinən başqa qadınlara diqqət yetirir. Bunun səbəbi çox vaxt psixoloji deyil, sosial və mədəni amillərlə bağlı olur. Bir çox insanlar həyat yoldaşını qorumaq, qısqanclıq hissi keçirmək və ya cəmiyyətin münasibətindən narahat olmaq səbəbindən belə məhdudiyyətlər tətbiq edirlər. Digər qadınlara münasibətdə isə eyni məsuliyyət hissini daşımadıqları üçün fərqli davranış nümayiş etdirirlər. Psixologiyada bu, müəyyən hallarda ikili standart və ya koqnitiv uyğunsuzluq kimi qiymətləndirilə bilər”.

media-img-20260713-wa0013

Psixoloqun sözlərinə görə, həddindən artıq qısqanclıq və nəzarət çox zaman güclü sevgidən deyil, insanın özünəinamının zəif olması, itirmək qorxusu və ya münasibətdə təhlükəsizlik hissinin kifayət qədər formalaşmaması ilə əlaqədar olur:

“Belə hallarda geyim üzərində nəzarət münasibətləri möhkəmləndirmir, əksinə, tərəflər arasında gərginlik, narazılıq və etimadsızlıq yarada bilər.

Sağlam ailə münasibətləri qarşılıqlı hörmət, etibar və açıq ünsiyyət üzərində qurulmalıdır. Tərəflər bir-birinin seçimlərinə hörmət etməyi, narahatlıqlarını qadağalar vasitəsilə deyil, dialoq yolu ilə ifadə etməyi bacarmalıdırlar. Münasibətlərdə əsas məsələ geyim deyil, qarşılıqlı etibarın və emosional bağlılığın qorunmasıdır”.

Ləman Sərraf


Bənzər xəbərlər