Bakıda “Xəzər dənizinin su səviyyəsinin dəyişməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək
2026-cı ilin aprel-may aylarında Bakıda “Xəzər dənizinin su səviyyəsinin dəyişməsi” mövzusunda beynəlxalq elmi konfrans baş tutacaq.
Patrulaz.az “Mehr” agentliyinə əsasən xəbər verir ki, tədbir Tehran Konvensiyasının Katibliyi və Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsi (KASPKOM) tərəfindən təşkil olunacaq.
Konfransda Xəzəryanı dövlətlərin alimləri, ekspertləri və siyasətçiləri iştirak edəcək.
Müzakirələrin əsas məqsədi dəniz səviyyəsində müşahidə olunan dəyişikliklərin ekoloji, sosial və iqtisadi təsirlərini qiymətləndirmək, həmçinin uyğunlaşma və risklərin azaldılması üzrə təkliflər hazırlamaqdır.
Tədbirin əsas mövzularına aşağıdakılar daxildir:
– Xəzər dənizinin səviyyəsində dəyişikliklər, paleontoloji və iqlim tədqiqatları;
– Su səviyyəsinin modelləşdirilməsi və tətbiqində mövcud problemlər;
– Dəyişikliklərin sahilyanı ekosistemlərə və sosial-iqtisadi inkişafa təsiri;
– Uyğunlaşma mexanizmləri və risklərin azaldılması strategiyaları.
Konfrans Xəzəryanı ölkələr arasında bilik və təcrübə mübadiləsini gücləndirməklə yanaşı, bölgənin gələcək ekoloji dayanıqlığının təmin edilməsində mühüm platforma rolunu oynayacaq.






