Banklar köçürmələrdən nə qədər qazanır? - Komissiya haqlarının pərdəarxası
Son illərdə rəqəmsal ödənişlərin genişlənməsinə baxmayaraq, bank kartları vasitəsilə aparılan köçürmələrdə tətbiq olunan komissiya haqları ictimai müzakirə mövzusuna çevrilib. Xüsusilə cüzi məbləğlərdə – məsələn, 2 manat köçürmə zamanı 1 manat xidmət haqqının tutulması istifadəçilər arasında ciddi suallar doğurur. Bu isə faktiki olaraq 50 faiz komissiya deməkdir.
Bəs bankların kartdan karta pul köçürmələri zamanı tətbiq etdiyi bu komissiya haqları hansı iqtisadi və hüquqi əsaslarla müəyyən edilir və bu sahədə tariflərin tənzimlənməsi mümkündürmü?
Bu barədə,iqtisadçı ekspert, vəkil, bank sektoru sahəsində hüquqşünas Əkrəm Həsənov Patrul.az-a açıqlamasında bildirib ki, banklar qanunvericiliyə uyğun olaraq xidmət haqlarını müqavilə əsasında sərbəst müəyyən edir və rəqabətli bazar şəraitində vətəndaş alternativ bank seçə bilər:
“Banklar haqqında qanuna görə banklar müştərilərdən tutulan komissiya, faiz və xidmət haqlarını sərbəst müəyyən etməkdədirlər. Yəni bu barədə müştəri ilə bağlanan müqavilədə həmin xidmət haqları əvvəlcədən nəzərdə tutulur və sonradan tətbiq edilir. Bu da dünya praktikasına uyğundur.
Azərbaycanda da bank bazarı bir-iki bankdan ibarət deyil, ölkədə 20-dən çox bank fəaliyyət göstərir. Bu banklar arasında tam sağlam rəqabət olmasa da, müəyyən rəqabət mövcuddur. Buna görə də vətəndaşın bu xidmət haqqı xoşuna gəlmirsə, digər bankın xidmətlərindən istifadə edə bilər”.

İqtisadçı qeyd edir ki, xidmət haqqı bankın əməliyyat xərclərini qarşılayaraq mənfəət əldə etmək üçün göstərilən xidmətə görə tətbiq etdiyi komissiyadır və bu, beynəlxalq praktikada da geniş yayılmışdır:
“Ümumiyyətlə, xidmət haqqı nədir? Bank istənilən xidmətin göstərilməsi üçün xərc çəkir: işçi saxlayır, sistem xərcləri, inzibati xərclər və s. eyni zamanda qazanc da əldə etməlidir. Bank xeyriyyə fondu deyil. Buna görə də müəyyən komissiya haqları tətbiq olunur. Məsələn, köçürülən məbləğdən faiz və ya sabit məbləğ tutulur. Ona görə də vətəndaş az məbləğ köçürdükdə komissiya daha yüksək kimi görünür, çox məbləğdə isə bu o qədər də nəzərə çarpmır.
Əgər bu vətəndaş üçün problemdirsə, alternativ olaraq pulu nağd şəkildə, yəni əlbəəl də vermək mümkündür. Ümumilikdə isə bu cür komissiya haqları xarici ölkələrdə də mövcuddur”.
Cəmilə Cəfərzadə






