“Başında ölüm gəzdirir” – Türkiyədə 18 yaşlı gənc 1 ildən çoxdur ki, güllə ilə yaşayır
Türkiyədə gənc oğlan bir ildən çoxdur ki, başında güllə ilə yaşayır.
Patrulaz.az “Türkiyə KİV”nə istinadən xəbər verir ki, Türkiyənin Batman şəhərində 18 yaşlı Yunus Emre Özbek 1,5 il əvvəl başına yanlışlıqla dəyən güllə səbəbindən ağır travma alıb. Həkimlər güllənin riskli yerdə yerləşdiyini bildirərək onun çıxarılmasının mümkün olmadığını deyiblər.
Hadisə zamanı başından güllə yarası alan Özbek hələ də tam sağalmayıb. Güllənin beyinə yaxın hissədə yerləşməsi səbəbindən o, əməliyyat oluna bilmir. 1,5 illik fiziki reabilitasiyadan sonra müəyyən irəliləyişlər əldə edilsə də, Özbek sağ əlini tam istifadə edə bilmir və gündəlik həyatında çətinliklər yaşayır.
Gənc ölüm qorxusu ilə yaşadığını və atəşi açan şəxslərin ədalət qarşısına çıxarılmasını tələb edir.
“Başımda ölüm təhlükəsi ilə yaşamaq çox ağırdır. Əllərimi tərpətməkdə, yeriməkdə və danışmaqda çətinlik çəkirəm. Fiziki müalicə ilə müəyyən irəliləyiş əldə etmişəm, amma sağ əlim və barmaqlarım hələ də tam funksional deyil,” – deyə Özbek bildirib.
Qeyd edək ki, atası Bayram Özbek də bu hadisənin ailə üçün ağır bir sınaq olduğunu vurğulayaraq havaya atəş açanlara çağırış edib: “Bir güllə bir insanın həyatını məhv edə bilər. Oğluma bir şey olacağından daim qorxu içində yaşayıram. Heç kimin bizi bu hala salmağa haqqı yoxdur. Bu hadisəyə səbəb olan şəxslərin tapılıb ədalət qarşısına çıxarılmasını istəyirik”.
Gülbəniz Səfərova






