Başqasının kosmetik məhsullarını istifadə etmək nələrə yol açır?
Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyeva sosial şəbəkədə işlənmiş kosmetik məhsullarını “ikinci əl” adı ilə satışa çıxarıb.
Başqasının istifadə etdiyi makiyaj məhsullarını istifadə etmək nə dərəcədə doğrudur?
Patrulaz.az mövzu ilə bağlı araşdırma edib.
Başqasının makiyaj vasitələrindən istifadə etmək bir çox insan üçün adi görünsə də, əslində sağlamlıq baxımından ciddi risklər daşıyır. Çünki bu vasitələr şəxsi gigiyenaya aid əşyalar sayılır və paylaşılması müxtəlif infeksiyaların ötürülməsinə səbəb ola bilər.
Məsələn, dodaq boyası və ya parlatıcısı herpes virusunun yayılmasına şərait yarada bilər. Tuş və layner kimi göz ətrafında istifadə olunan məhsullar isə konjonktivit (göz iltihabı) riskini artırır. Hətta tonal krem və ya fırçalar belə bakteriya yığa bilər və dəri problemlərinə – sızanaq, allergiya və göbələk infeksiyalarına yol aça bilər.
Kosmetik vasitələr bəzən gözlə görünməyən mikrobları daşıyır və onların başqasına keçməsi üçün bir dəfə istifadə kifayət edir. Ona görə dermatoloqlar və vizajistlər şəxsi makiyaj məhsullarını paylaşmağı məsləhət görmürlər. Əgər mütləq ehtiyac yaranarsa, ən azından fırçalar sterilizə olunmalı və birdəfəlik aplikatorlardan istifadə edilməlidir.
Bu arada xatırladaq ki, sözügedən bloger dəfələrlə izləyicilərinə dodaq herpesindən əziyyət çəkdiyini açıqlayıb.
Qısacası, gözəlliyimizi qorumaq istəyərkən sağlamlığımızı riskə atmamaq üçün makiyaj vasitələrini yalnız özümüzə aid şəkildə istifadə etmək ən doğru yoldur.
Ləman Sərraf






