Bayram ərəfəsində ətin qiyməti nə qədər olacaq? - AÇIQLANDI
2026-cı ilin Qurban bayramı yaxınlaşdıqca, ənənəvi olaraq ət bazarlarında hərəkətlilik və qiymət artımı gündəmə gəlir.
Kənd təsərrüfatı ekspertlərinin rəyinə görə, son bir ayda artıq kiloqramda 50 qəpiklik artım müşahidə olunub və bayram günlərində diri heyvanların qiymətində əlavə 1 manatlıq bahalaşma gözlənilir.
Bəs bu bayramda ətin qiyməti neçəyə olacaq?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Patrul.az-a açıqlamasında bildirib ki, Qurban bayramı qabağı ətə tələbat həmişə qalxır və bu qiymətə təzyiq edir:
“İndi bazarda quzu əti 21-22 manat, dana əti 18 manat civarındadır. Bayrama bir neçə gün qalmış bu rəqəmlər adətən bir az da artır, çünki alıcı çoxalır, satıcı da bundan istifadə edir.
Bayramdan əvvəl qiymətin düşməsi çətin görünür. Səbəb odur ki, kəndlərdən şəhərə gətirilən heyvanın maya dəyəri artıb. Yem, dizel, daşınma, baytar xərcləri əvvəlki illə müqayisədə bahadır. Satıcı maya dəyərindən aşağı sata bilmir. Üstəlik, bayram ərəfəsində alıcı “hər nə olsa alacağam” psixologiyası ilə gəldiyi üçün bazarda endirimə ehtiyac qalmır”.

İqtisadçı qeyd edib ki, qiymətin aşağı düşməsi üçün gərək təklif kəskin artsın:
“Yəni bazara gözləniləndən çox heyvan gətirilsin. Hava şəraiti yaxşı olsa, yollar açıq olsa, rayonlardan mal çox gələ bilər. Onda satıcılar arasında rəqabət yaranar və axşama doğru qiyməti 1-2 manat endirənlər olar. Amma bu da bayramdan qabaq yox, bayramın birinci günü günortadan sonra və ikinci günü baş verir. Çünki satıcı əlində heyvan qalmasını istəmir.
Dövlətin və ya iri marketlərin müdaxiləsi də rol oynaya bilər. Əgər yarmarkalar təşkil olunsa və orada maya dəyərinə yaxın qiymətə heyvan satılsa, ümumi bazara da təsir edər. Keçən illərdə belə təcrübə olub. Amma hələlik belə bir qərar yoxdursa, bazar öz qaydası ilə işləyəcək”.
“Qısası, bayramdan qabaq ətin ucuzlaşma ehtimalı azdır. Əksinə, 1-2 manat artım gözlənilir. Qiymətin düşməsi üçün ən real vaxt bayramın ikinci günü axşam və üçüncü gündür. Onda tələbat ölür, satıcı əlində qalanı tez satmaq üçün güzəştə gedir. Ət almağı planlaşdırırsınızsa və ya baha almaq istəmirsinizsə, ya bayramdan 5-6 gün əvvəl almaq, ya da bayramın ikinci günü axşama saxlamaq lazımdır”,- deyə o əlavə edib.
Ləman Sərraf






