Bazar günü də rahatlıq yoxdur – Qeyri-rəsmi “parkovşik”lər camaatın əsəbləri ilə oynayır - VİDEO
Bakıda “Azparkinq” ərazisində qanunsuz parkinq pulu tələb edən şəxs kameraya düşüb.
Patrulaz.az-ın redaksiyasına daxil olan videogörüntüdə paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsində baş verən qanunsuzluq əks olunub. Hadisə keçən bazar günü qeydə alınıb.
Qanunvericiliyə əsasən, bazar günləri “Azparkinq”ə məxsus parkinq yerlərində dayanma və durma üçün heç bir ödəniş tələb olunmamalıdır. Lakin son dövrlər bu qaydanı pozan şəxslərin artması müşahidə olunur. Belə ki, vətəndaşlardan qanunsuz şəkildə parkinq pulu tələb edən qeyri-rəsmi şəxslər parkinq zonalarında peyda olur və sürücüləri aldadaraq ödəniş etməyə vadar etməyə çalışırlar.
Daxil olan videogörüntüdə də bu hallardan biri əks olunub. Kadrlarda “Azparkinq” əməkdaşlarının sözügedən ərazidə qeyri-rəsmi şəkildə sürücülərdən pul tələb edən bir şəxsi ərazidən uzaqlaşdırmağa cəhd etdiyi görünür. Lakin həmin şəxs əməkdaşların xəbərdarlıqlarına məhəl qoymur və tabe olmaqdan imtina edir.
Qeyd edək ki, belə hallar sürücülərin narazılığına səbəb olmaqla yanaşı, dövlət tərəfindən müəyyən edilmiş ictimai xidmət qaydalarının pozulması kimi qiymətləndirilir.