Bazarda bolluq, süfrədə darlıq: Azərbaycan ailələri niyə yalnız toyuq alır? - Səbəbləri
Azərbaycan ailələrinin gündəlik qida menyusunda quş əti mühüm yer tutur. Bazarlarda müxtəlif quş əti növləri mövcud olsa da, toyuq əti həmişə üstünlük təşkil edir. İnsanların digər quş ətləri – ördək, qaz, hinduşka və s. almaqda maraqlı olmaları bir sıra iqtisadi amillərlə bağlıdır.
Bəs, ailələrin digər quş əti növlərini seçməsində əsasən hansı iqtisadi amillər rol oynayır?
Bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva Patrul.az-a açıqlamasında bildirib ki,əhalinin qida rasionunda toyuq ətinə üstünlük əsasən onun münasib qiyməti, geniş təklifi və istehlak vərdişləri ilə bağlıdır:
“Əhalinin qida rasionununda toyuq ətinə üstünlük verilməsi, ümumiyyətlə bir neçə amillə bağlı olur. Onların sırasına qiymət səviyyəsi, əhalinin gəlirləri, istehsal və təklif həcmi, saxlanma və logistika xərcləri, mövsümilik, emal və satış forması, istehlak vərdişləri və s. daxildir”.

R.Abdullayeva qeyd edib ki, hazırda ölkmizdə toyuq ətinin gündəlik qida rasionunda üstünlük təşkil etməsi daha çox ailələrin gəlirləri və qiymət amili ilə bağlıdır:
“Toyuqçuluq sənaye səviyyəsində inkişaf etdiyindən bazarda hər zaman bol təklif var. Digər quş əti növləri az istehsal edildiyindən və saxlanma xərcləri yüksək olduğundan qiymətləri baha olur. Hazırda toyuq əti ilə müqayisədə digər quş ətləri (ördək, qaz, hind quşu) daha bahalıdır. Ölkəmizdə ailələrin gəlirlərinin azlığı onları daha ucuz qiymətə olan toyuq ətinə üstünlük verməyə məcbur edir. Məlum olduğu kimi, hazırda quş ətinin yeyilməsi mövsümüdür. Bəzi quş əti növləri mövsümündə belə bahalı olduğundan, onları almağa hər bir ailənin büdcəsi yetmir”.
İqtisadçı ekspert bildirib ki, inkişaf etməkdə olan ölkələrdə, o cümlədən respublikamızada ailələrin gəlirlərinin böyük hissəsi zəruri tələbatların (ərzaq və qeyri-ərzaq mallarının alınmasına) ödənilməsinə sərf olunur:
“Azərbaycanda ev təsərrüfatlarının istehlak xərclərinin təhlili göstərir ki, 2024-cü ildə ailələrin istehlak xərclərinin tərkibində qida məhsullarına sərf olunan vəsaitin xüsusi çəkisi 43,5 faiz olub. İnkişaf etmiş və həyat səviyyəsinin yükək olduğu ölkələrdə bu göstərici 10-15% təşkil edir”.
Cəmilə Cəfərzadə






