media-49888780-957f-47c6-b5ef-ae0a5e6799b5

Hindistanda bəbir 4 yaşlı uşağı anasının qucağından apararaq parçalayıb.

Patrulaz.az “The Times of India”ya istinadən xəbər verir ki, faciəvi hadisə Hindistanın Uttarakhand ştatının Baqeşvar bölgəsindəki Mana Kabhra kəndində baş verib. Belə ki, Neelam Bora adlı qadın azyaşlı oğlu Naitiki həyətlərindəki açıq tualetə apararkən pusquda gizlənmiş bəbir qəfil hücum edib. Yırtıcı, uşağı anasının qucağından qoparıb və onu yaxınlıqdakı dərəyə sürükləyib.
Daha sonra uşağın cansız bədəni boynunda dərin yaralarla evdən 200 metr aralıda tapılıb.

Kəndin başçısı Jyoti Bora hadisəni təsvir edib:
“Bəbir pusqu qurmuşdu və anidən hücum edərək uşağı sürüyüb apardı. Bütün axtarışlara baxmayaraq, onu xilas etmək mümkün olmadı”,-deyə o bildirib.

Qeyd edək ki, bu faciədən sonra meşə departamenti kompensasiya proseslərinə başlayıb və kənd ətrafında patrul xidmətini gücləndirib.
O cümlədən, hücumun təkrarlanmaması üçün bölgəyə yeddi tələ kamerası və üç qəfəs yerləşdirilib. Beş meşə mühafizə dəstəsinin isə növbəli şəkildə ərazidə nəzarət həyata keçirəcəyi bildirilib.

Xatırladaq ki, ötən ilin oktyabrında eyni bölgənin Auloni kəndində də oxşar hadisə baş vermişdi. O zaman da başqa bir uşaq bəbirin hücumu nəticəsində həlak olmuşdu.
Rəsmilər həmin bəbiri tutaraq xilasetmə mərkəzinə apardıqlarını desələr də, kəndlilər ya həmin heyvanın geri döndüyünü, ya da bölgədə başqa bir vəhşi bəbirin dolaşdığını düşünürlər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər