Bermud Üçbucağı ilə bağlı alimlər həqiqəti ortaya çıxardı
Onillərlə dünyanın ən müəmmalı bölgəsi kimi tanınan Bermud Üçbucağı ilə bağlı yeni elmi nəticə açıqlanıb.
Patrulaz.az “Daily Mail”ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Sauthempton Universitetinin okeanoqrafı Dr. Saymon Boksal bu ərazidə baş verən müəmmalı itkilərin fövqəltəbii hadisələrlə, UFO-larla və ya ölçülərarası portallarla bağlı olmadığını deyib. Alimin sözlərinə görə, əsl səbəb “quldur dalğaları” adlanan nəhəng su divarlarıdır.
“Quldur dalğaları” nədir?
Bu dalğalar ekstremal fırtınaların təsirindən yaranır və ətrafdakı dalğalardan ikiqat hündür ola bilir. Onların hündürlüyü 30 metrədək çatır və gözlənilmədən fərqli istiqamətlərdən zərbə vurur. Dr. Boksal bildirir ki, belə dalğalara tuş gələn iri gəmilər cəmi iki-üç dəqiqə ərzində batır.
Tarixi yoxa çıxmalar
Bermud Üçbucağında müəmmalı itkilərlə bağlı müzakirələr ilk dəfə 1918-ci ildə gündəmə gəlib. Həmin vaxt ABŞ-yə məxsus “USS Cyclops” adlı 165 metrlik kömürdaşıyan gəmi Salvador limanından Baltimora yola düşərkən heç bir xəbərdarlıq siqnalı göndərmədən yoxa çıxıb. Onun 306 nəfərlik heyətindən də iz tapılmayıb.
Daha sonra 1945-ci ildə “Flight 19” kimi tanınan hadisə bütün dünyada səs-küy doğurmuşdu. ABŞ Hərbi Dəniz Qüvvələrinin beş bombardmançı təyyarəsi Bermud Üçbucağında təlim uçuşu zamanı rabitə əlaqəsini itirərək yoxa çıxmış, onların axtarışına göndərilən qırıcı təyyarə də geri qayıtmamışdı.
Alimlərin fərziyələri
Bəzi mütəxəssislər bu ərazidə qəza və yoxa çıxma göstəricilərinin digər okean bölgələrindən ciddi şəkildə fərqlənmədiyini bildirirlər. ABŞ-nin Milli Okeanoqrafiya və Atmosfer Administrasiyası (NOAA) da əlavə edir ki, Bermud Üçbucağında daha çox sirli itkinin baş verdiyini təsdiqləyən elmi fakt yoxdur.
Bununla belə, Dr. Boksal və həmkarları hesab edirlər ki, bölgənin coğrafi mövqeyi, güclü fırtınaların toqquşması və nəhəng “quldur dalğaları” Bermud Üçbucağını təhlükəli qaynar nöqtəyə çevirir.
Gülbəniz Səfərova






