“Bəşəriyyətin gələcəyi süni intellektin üzərində qurulacaq desək, yanılmarıq“ - DEPUTAT
“Süni intellekt həyatımızın ayrılmaz hissəsinə çevrilir. Çünki, bir neçə il əvvəl süni intellekt haqqında çoxunun məlumatı yox idisə, bu gün insanların əksəriyyəti süni intellektdən danışır. Süni intellekt artıq bir çox sahələrdə tətbiq olunmağa başlamışdır. O cümlədən iqtisadiyyatda süni intellektin rolu günü-gündən artmaqdadır”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, inkişaf etmiş bir çox ölkələrdə süni intellektlə bağlı tədrisin orta məktəbin proqramlarına salınması üzərində düşünürlər:
“Təbii iki, hansı ölkə bu istiqamətdə daha tez hərəkətə keçirsə, o ölkə də daha qazanclı çıxır. Azərbaycan da müasir texnologiyalara və süni intellektin inkişafına çox diqqət yetirən ölkədir. Biz kosmik fəzaya malik olan ölkələrin sırasına daxil olmuşuq. Bu baxımdan ölkədə aparılan islahatlar süni intellektin istehsalatda tətbiqinin genişləndirlməsini sürətləndirəcəkdir”.
“Təbii ki, bu istiqamətdə dövlət proqramının da qəbul olunmasını vacib hesab edirəm. Gənclər öz peşələrini elm tutumlu sahələrə, süni intellekt üzərində qurmalıdırlar. Sahibkarlar da gələcəkdə fəaliyyətində süni intellektə üstünlük verəcəkdir. Çünki süni intellekt prosesləri daha dəqiq və daha rentabelli edir. Bu baxımdan bəşəriyyətin gələcəyi süni intellektin üzərində qurulacaq desək, yanılmarıq”,- deyə o əlavə edib.
Ləman Sərraf