media-inshot_20251222_075951142

Müntəzəm fiziki fəaliyyət təkcə bədəni deyil, eyni zamanda beyin sağlamlığını da qoruyur və Alzheimer başda olmaqla bir sıra neyropsixiatrik xəstəliklərin riskini əhəmiyyətli dərəcədə azaldır.

Patrul.az xarici tədqiqatlara əsasən bildirilib ki, Böyük Britaniya Biobank Akselerometrinin “Fiziki fəaliyyət və beyin sağlamlığı” üzrə aparılan genişmiqyaslı araşdırmasında 73 min nəfərin məlumatları təhlil edilib. Araşdırma çərçivəsində iştirakçıların gündəlik hərəkət səviyyələri xüsusi sensorlar vasitəsilə ölçülüb və onlar aktivlik dərəcəsinə görə qruplaşdırılıb.

Nəticələrə əsasən, orta və güclü intensivlikdə idmanla məşğul olan şəxslərdə Alzheimer, demensiya və insult riski 40 faizə qədər daha aşağı olub. Eyni zamanda, oturaq həyat tərzi sürən insanlarda insult riskinin 54 faiz daha yüksək olduğu müəyyən edilib. Bundan əlavə, fiziki passivliyin depressiya və narahatlıq pozuntularının yaranma ehtimalını da artırdığı qeyd olunur.

Mütəxəssislər vurğulayırlar ki, müntəzəm idman beynin idrak funksiyalarını gücləndirir, yaddaşı qoruyur və Alzheimer xəstəliyi ilə əlaqəli zülalların səviyyəsinin azalmasına kömək edir. Bu isə uzunmüddətli perspektivdə beynin daha sağlam və “cavan” qalmasına şərait yaradır.

Araşdırma nəticələrinin beynəlxalq elmi konfranslarda təqdim olunması gözlənilir. Mütəxəssislər sağlam beyin üçün gündəlik hərəkətin həyat tərzinin ayrılmaz hissəsinə çevrilməsinin vacibliyini bir daha xatırladırlar.


Bənzər xəbərlər