"Bəzi insanlar münasibətlərdə incinməkdən qorxduğu üçün heyvanlarla emosional bağ qurmağa üstünlük verir" - Elnur Rüstəmov
Son illərdə ev heyvanlarına artan maraq göz qabağındadır. Hətta bəziləri ev heyvanını öz uşağı kimi görüb, uşaq dünyaya gətirməkdən və ya evlənməkdən boyun qaçırırlar. Təbii ki, canlılara dəyər vermək gözəldir, lakin onları öz övladları və ya sevgilisi yerinə qoyanlar necə bir psixoloji durumun içində ola bilərlər?
Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bildirib ki, son illərdə ev heyvanlarına bağlılığın artması təsadüfi deyil:
“Müasir insan əvvəlki nəsillərlə müqayisədə daha çox tənhalıq, emosional yorğunluq, güvən problemi və sosial uzaqlaşma yaşayır. Şəhər həyatı, sürətli yaşam tərzi, münasibətlərdə sabitliyin azalması və insanların emosional ehtiyaclarının qarşılanmaması nəticəsində bir çox insan emosional yaxınlığı heyvanlarla qurmağa başlayır. Çünki heyvan insanı mühakimə etmir, tənqid etmir, xəyanət etmir və şərtsiz bağlılıq hissi yaradır. Bu isə psixoloji baxımdan təhlükəsizlik hissini gücləndirir. Burada vacib məqam heyvan sevgisinin özü deyil, onun hansı boşluğu doldurduğudur. İnsan ev heyvanını sevirsə, ona qayğı göstərirsə, bu tamamilə normal və sağlam emosional münasibətdir. Hətta elmi araşdırmalar göstərir ki, heyvanlarla təmas stress hormonlarını azalda, emosional gərginliyi aşağı sala və insanın psixoloji vəziyyətinə müsbət təsir göstərə bilər”.

Psixoloqun sözlərinə görə, bir çox ölkələrdə “animal-assisted therapy” deyilən yanaşmalar da tətbiq olunur:
“Ancaq problem o zaman yaranır ki, insan sosial münasibətlərdən, ailə qurmaqdan, emosional yaxınlıqdan və ya valideynlik məsuliyyətindən tamamilə uzaqlaşaraq bütün emosional enerjisini yalnız heyvana yönəldir. Bu zaman ev heyvanı artıq sadəcə sevgi obyekti olmur, psixoloji kompensasiya mexanizminə çevrilir. Yəni insan daxilindəki boşluğu, qorxunu, travmanı və ya münasibət problemlərini həmin bağlılıq vasitəsilə örtməyə çalışır. Bəzi insanlar münasibətlərdə incinməkdən qorxduğu üçün insanlarla yaxınlıq qurmaq əvəzinə heyvanlarla emosional bağ qurmağa üstünlük verir. Çünki insan münasibəti məsuliyyət, qarşılıqlı kompromis və emosional risk tələb edir. Heyvanla münasibətdə isə rədd edilmə, xəyanət və konflikt ehtimalı çox azdır. Bu səbəbdən bəzi insanlar üçün heyvan sevgisi təhlükəsiz emosional zona rolunu oynayır”.
Müsahibimiz bir məsələni də vurğulayıb:
“Uşaq sahibi olmamaq və ya ailə qurmamaq hər zaman psixoloji problem demək deyil. Müasir dövrdə insanların həyat seçimləri müxtəlifdir və hər kəsin fərqli prioritetləri ola bilər. Ancaq əgər insan yalnız travma, qorxu, sosial uzaqlaşma və ya emosional qaçış səbəbilə insan münasibətlərindən tamamilə imtina edirsə, bu artıq psixoloji baxımdan diqqət tələb edən vəziyyətə çevrilə bilər. Digər tərəfdən sosial media da bu tendensiyanı gücləndirir. İnsanlar ev heyvanlarını bəzən emosional identikliklərinin bir hissəsinə çevirirlər. Xüsusilə “pet parent” anlayışının yayılması heyvanın artıq sadəcə canlı deyil, ailə üzvü kimi qəbul edilməsinə səbəb olur. Bunun müsbət tərəfləri olsa da, bəzi hallarda insanın real sosial münasibətlərdən uzaqlaşmasına da təsir edə bilir. Əsas məsələ balansdır. Sağlam psixoloji vəziyyətdə insan həm insan münasibətləri qura bilir, həm də canlılara sevgi göstərə bilir. Problem sevgidə deyil, insanın emosional həyatının tək bir münasibət formasına sıxışıb qalmasındadır”.
Ləman Sərraf






