Biləsuvarda yanğın: 96 yaşlı ağsaqqal və ailəsi evsiz qaldı – Yerli qurumlar hərəkətsizdir - VİDEO
Biləsuvar rayonunun Cəbrayıl qəsəbəsində güclü yanğın hadisəsi baş verib.
Patrulaz.az xəbər verir ki, hadisə 7 saylı qəsəbədə yerləşən 75 nömrəli evdə qeydə alınıb. Məlumata görə, qısa müddət ərzində baş verən yanğın nəticəsində ev tamamilə yanaraq yararsız hala düşüb.
Vətəndaşın hadisədən sonra verdiyi məlumata əsasən, məcburi köçkünlərin yerləşdirildiyi bu ərazidə fəaliyyət göstərməli olan Qaçqınkom-un yerli nümayəndələri hadisəyə biganə yanaşıblar və zərərçəkənlərə heç bir yardım göstərilməyib.
Qeyd edək ki, yanğınla bağlı görüntülər sosial şəbəkələrdə də paylaşılıb. Kadrlarda evin yanaraq külə döndüyü, yaşlı sakinlərin isə köməksiz vəziyyətdə qaldığı açıq şəkildə görünür.
Vətəndaşlar məsələ ilə bağlı aidiyyəti qurumlara səslənərək təcili tədbir görülməsini, evsiz qalmış yaşlı insanlara yardım göstərilməsini xahiş edirlər.






