media-e7f8e044-fbc4-4886-a4a5-2afd84606970

Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan və Rövşən Hüseynov küçələrinin kəsişməsində inşa edilən və “Mebelçi MTK”ya məxsus olduğu iddia olunan çoxmərtəbəli yaşayış binası ilə bağlı redaksiyamıza daxil olan foto və video materiallar ciddi narahatlıq doğurur. Görüntülər binada potensial təhlükənin mövcud olduğunu açıq şəkildə ortaya qoyur.

Məlumata görə, hündürmərtəbəli binanın yuxarı hissəsində yerləşən kərpiclərin bir qismi qoparaq yerə tökülüb. Hadisənin təkrarlanma ehtimalının qalması isə vəziyyəti daha da kritik edir. Bu cür hallar təkcə binada yaşayan sakinlər üçün deyil, eyni zamanda ətraf ərazidən keçən vətəndaşlar üçün də real təhlükə mənbəyidir.

Mütəxəssislərin fikrincə, tikililərdə bu tip problemlərin yaranması əsasən keyfiyyətsiz materiallardan istifadə, texniki normalara əməl olunmaması və nəzarətin zəifliyi ilə bağlı olur. Xüsusilə çoxmərtəbəli yaşayış binalarında fasad elementlərinin qopması ağır xəsarətlərə və hətta ölüm hallarına səbəb ola biləcək risklər yaradır.

Mövcud vəziyyət bir daha göstərir ki, tikinti sektorunda keyfiyyət və təhlükəsizlik məsələləri yalnız formal yanaşma ilə deyil, real nəzarət mexanizmləri ilə təmin olunmalıdır. Aidiyyəti qurumların bu kimi siqnallara operativ reaksiya verməsi, obyektin texniki vəziyyətinin dərhal yoxlanılması və təhlükənin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi zəruridir.

Unutmaq olmaz ki, hər bir tikili insan həyatı üçün nəzərdə tutulur və burada ən kiçik səhlənkarlıq belə ağır nəticələrə səbəb ola bilər.

Patrul.az redaksiyası olaraq məsələni diqqətdə saxlayırıq və aidiyyəti qurumları yaranmış təhlükəli vəziyyətlə bağlı təxirəsalınmaz tədbirlər görməyə çağırırıq.

media-91505ec5-160a-4f83-b134-b8de89831928 media-054107cc-3df3-4b03-83dc-5eac21b4c0fa media-b809d99d-3c89-4034-86bb-3c2e1eb01d7c


Bənzər xəbərlər