Bir düymə ilə tündləşən şüşələr: Qanun nə deyir, cərimə varmı? - Vəkildən AÇIQLAMA
Müasir texnologiyanın son yeniliklərindən biri olan “smart” və ya elektron plyonkalar artıq yollarda görünməyə başlayıb. Bir düymə ilə şüşəni tam tündləşdirən, digər toxunuşla isə yenidən şəffaflaşdıran bu sistemlər həm gizlilik, həm də estetik baxımdan sürücülərin böyük marağına səbəb olur. Lakin texnologiyanın bu qədər sürətlə inkişafı “Qanun buna nə deyir?” sualını da gündəmə gətirir.
Bir düymə ilə tündləşib-şəffaflaşan elektron plyonkaların avtomobillərin ön şüşələrində istifadəsi Azərbaycanda qanunidirmi? Əgər qadağandırsa, bu cür plyonkaların quraşdırılması və istifadəsinə görə hansı inzibati cərimələr tətbiq olunur?
Mövzu ilə bağlı 5 saylı Vəkil Bürosunun vəkili Asim Abbasov Patrul.az-ın sualını cavablandırıb.
Onun sözlərinə görə, elektron tündləşən örtüklərin avtomobilin ön şüşəsində istifadəsi sürücünün görünüşünü məhdudlaşdırdığı və təhlükəsizlik tələblərinə zidd olduğu üçün Azərbaycan qanunvericiliyinə əsasən qadağandır:
“Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, nəqliyyat vasitələrinin konstruksiyasına və təhlükəsizlik tələblərinə müdaxilə edilməsi, o cümlədən sürücünün görünüş sahəsini məhdudlaşdıran və ya şüşələrin işıqötürmə qabiliyyətini normadan aşağı salan vasitələrin tətbiqi qadağandır. Sualda qeyd olunan bir düymə ilə tündləşib-şəffaflaşan elektron örtüklərin nəqliyyat vasitələrinin ön şüşəsinə tətbiqi sürücünün görmə şəraitinə birbaşa təsir göstərdiyi üçün yol hərəkəti təhlükəsizliyi baxımından yolverilməzdir. Bu səbəbdən belə örtüklərin nəqliyyat vasitələrinin ön şüşələrinə quraşdırılması və istifadəsi qanunvericiliklə qadağan olunmuş hesab edilir”.
Vəkil qeyd edir ki, belə örtüklərin istifadəsi qanunsuzdur və 150 manat cərimə ilə nəticələnir:
“Belə örtüklərin istifadəsi qanuni sayılmır və inzibati məsuliyyət yaradır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə 150 (yüz əlli) manat məbləğində cərimə nəzərdə tutulur. Bu baxımdan, avtomobillərin ön şüşələrində bir düymə ilə tündləşib-şəffaflaşan elektron örtüklərin quraşdırılması və istifadəsi qanunsuzdur və aşkar edildiyi təqdirdə inzibati məsuliyyətə səbəb olur”.
Cəmilə Cəfərzadə






