"Bir fləşkart kifayətdir ki, bütün məlumatlarınız oğurlansın" - Ekspertdən XƏBƏRDARLIQ
Son illərdə USB fləşkartlar, xarici yaddaş qurğuları və digər daşınan vasitələr məlumat ötürülməsində geniş istifadə olunur. Lakin bu qurğular eyni zamanda kiberhücumlar üçün əlverişli vasitəyə çevrilə bilir və istifadəçinin xəbəri olmadan məlumatların ələ keçirilməsi riski yaradır.
Bəs, USB fləşkartlar və digər daşınan yaddaş qurğuları vasitəsilə kiber risklərin artdığı bir dövrdə, istifadəçilər bu cür vasitələrdən yaranan təhlükələrdən qorunmaq üçün hansı əsas təhlükəsizlik qaydalarına əməl etməlidirlər?
Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Elnur Atayev Patrul.az -a açıqlamasında bildirib ki, USB fləşkartlar naməlum mənbədən istifadə edildikdə zərərli proqramların yayılmasına və məxfi məlumatların oğurlanmasına səbəb ola bilən ciddi kiber risk yaradır:
“USB fləşkartlar və digər daşınan yaddaş qurğuları kiber təhlükəsizlik baxımından ciddi risk mənbəyidir. Bu qurğular vasitəsilə zərərli proqramlar kompüterlərə ötürülə, sistemlərə gizli giriş əldə edilə və məxfi məlumatlar oğurlana bilər. Əksər hallarda yoluxdurulmuş USB qurğular kompüterə qoşulan kimi istifadəçi xəbəri olmadan aktivləşir.
Təhlükələrin əsas səbəblərindən biri naməlum və etibarsız mənbədən olan fləşkartların istifadəsidir. Bəzi USB qurğular texniki olaraq klaviatura və ya şəbəkə qurğusu kimi tanınaraq avtomatik əmrlər icra edir, bu isə parolların ələ keçirilməsinə və sistem üzərində nəzarətin itirilməsinə səbəb olur. Digər risk isə iş yerlərində USB vasitəsilə məlumatların icazəsiz şəkildə köçürülməsidir”.

Ekspertin sözlərinə görə, USB-lərdən yalnız etibarlı istifadə və təhlükəsizlik tədbirləri kiber riskləri azaldır:
“Bu cür risklərin qarşısını almaq üçün istifadəçilər yalnız etibarlı USB qurğularından istifadə etməli, avtomatik açılma funksiyalarını deaktiv etməli və təhlükəsizlik proqramlarını daim yeniləməlidirlər. Qurumlarda isə USB portlarına nəzarət, məlumatların şifrələnməsi və əməkdaşların maarifləndirilməsi əsas qoruyucu tədbirlər hesab olunur”.
Cəmilə Cəfərzadə






