Bir zamanların “Sakarya Fırat” serialının məşhur aktyoru təcavüzdə ittiham edildi
Gənc türkiyəli aktrisa Doğa Lara Akkaya məşhur aktyor Tayanç Ayaydını təcavüzdə ittiham edib.
Patrulaz.az xəbər verir ki, aktrisa bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, Ayaydının ona göndərdiyi mesajları da ictimailəşdirib.
Yazışmalarda aktyorun aktrisaya “Dünyanın ən gözəl qadını” və “Sən mənim üçün çox xüsusisən” kimi ifadələr yazdığı görünür. Akkaya isə cavabında “Dünyanın ən gözəl qadını sənin həyat yoldaşın deyilmi? Xoşbəxt illər. Xahiş edirəm, mənə belə yazma. Çünki bir müddətdir sənin sözlərin və mesajların məni narahat edir və nə deyəcəyimi bilmirəm. Məncə, bu, səhvdir” deyə reaksiya verib.
Xatırladaq ki, hər iki sənətçi 2022-ci ildə yayımlanan “Tozluyaka” serialında rol alıb. Akkaya həmin layihə zamanı Ayaydının onu həm şifahi, həm də yazılı şəkildə təcavüz etdiyini iddia edir.
“Bu adam ailəlidir və məşhur aktyordur. Mənə dedilər ki, şirkət daxilində də olsa sus. ‘Bu adamla bir daha işləməyəcəyik, çox təəssüflənirik’ dedilər. Amma bir həftə əvvəl gördüm ki, NTC Medianın yeni serialında çəkilir. Mən ‘Tozluyaka’da oynayanda 21 yaşım var idi və iş axtarırdım. O zaman ona hörmətimdən həmişə ‘qardaş’ deyirdim. Lakin o, məni davamlı olaraq şifahi və yazılı şəkildə incidirdi. Özümü hazır hiss etmədiyim halda belə, bu anlar məni illərdir yandırır”, – deyə aktrisa paylaşımında bildirib.
Qeyd edək ki, Tayanç Ayaydın indiyədək bir sıra tanınmış filmlərdə və seriallarda rol alıb. O, xüsusilə “Sakarya Fırat”, “Aliye”, “Ezo Gelin”, “Baba” kimi layihələrdəki çıxışı ilə tamaşaçılara tanışdır.

Gülbəniz Səfərova






