"Biri çıxır, bilmirsən ona kişi deyəsən, yoxsa qadın", - Onlar TİKTOK-da baş verənlərdən gileyləndilər
Son zamanlar Azərbaycanda TikTok sosial platformasından istifadə edən bəzi istifadəçilərin davranışları, xüsusilə də gənclərin danışıq tərzi və hərəkətləri bir sıra tanınmış şəxslər tərəfindən narazılıqla qarşılanır.
Patrul.az xəbər verir ki, bununla bağlı əməkdar artist Tahir İmanov qonaq olduğu verilişlərin birində TikTok platformasından istidadə edən istifadəçilərin bəzilərinin davranışını kəskin tənqid edərək bunu cəmiyyət üçün ciddi problem, hətta faciə adlandırıb:
“TİKTOK-da baş verənlər böyük bir faciədir. Orada əsasən söyüş və qeyri-etik davranışlar üstünlük təşkil edir. Biri çıxır, bilmirsən ona kişi deyəsən, yoxsa qadın. Bəziləri kamera qarşısında yemək yeyir, mənasız mövzulardan danışır və buna baxmayaraq, çoxlu baxış toplayırlar. Bu, problemin başlanğıcı deyil, bəlkə də artıq ortasıdır. Təəssüf ki, bəzi gənclərimiz bu yolun pik nöqtəsinə doğru gedir”, – deyə Tahir İmanov bildirib.
Bununla yanaşı, “Gəl danış” verilişinin aparıcısı Amil Xəlil də TikTok-da mövcud olan mənfi hallara toxunaraq, platformanın gənclərə, xüsusilə də ali təhsil alan tələbələrə mənfi təsir göstərdiyini vurğulayıb:
“TİKTOK-da çox xoşagəlməz hallarla qarşılaşıram. 14–15 yaşlı qızların yanında 25 yaşlı oğlanların olduğunu görürəm. Mən Gəncədə, Tovuzda yaşaya-yaşaya həmin bölgələrin universitetlərini kənara qoyub, övladımı Bakıda oxutdurmaram. Lənkəranda yaşayıramsa, Lənkəran Dövlət Universitetini deyil, Bakı Dövlət Universitetini seçib, qızımın orada oxumasına razı olmazdım. Mal-qara saxlayan analar böyük zəhmət çəkirlər və bunu bilməlidirlər”, – deyə aparıcı qeyd edib.






