Böyük ölkələrin qızıl ehtiyatlarını artırması qızıl bazarında qiymətləri qaldıra bilərmi? - AÇIQLAMA
Qlobal iqtisadi mühitdə qızıl həm maliyyə təhlükəsizliyi, həm də investisiya aləti kimi mühüm rol oynayır. Böyük ölkələr tərəfindən qızıl ehtiyatlarının artırılması yalnız milli ehtiyatların möhkəmləndirilməsi ilə bağlı deyil, həm də qlobal bazarda təklif və tələb balansına təsir göstərə bilər. Bu cür hərəkətlər investorlar və bazar iştirakçıları tərəfindən diqqətlə izlənir, çünki qızıl qiymətləri likvidlik, inflyasiya gözləntiləri və maliyyə sabitliyi ilə sıx bağlıdır.
Bəs böyük ölkələrin qızıl ehtiyatlarını artırması qızıl bazarının qiymət istiqamətini necə dəyişir?
Bu barədə iqtisadçı Natiq Cəfərli Patrul.az-a açıqlamasında bildirib ki, böyük ölkələrin mərkəzi banklarının qızıl alması qiymətlərin artmasına səbəb olur:

“Əlbəttə, təsir göstərir böyük ölkələrin mərkəzi bankları qızıl aldıqca dünyada qızılın qiyməti qalxır. Onlar niyə qızıl alır? Çünki dünya iqtisadiyyatı indi çətin bir dövrdən keçir. Çoxlu geosiyasi risklər mövcuddur. Belə hallarda qızıl etibarlı sığınacaq rolunu oynayır. Buna görə də bir çox ölkənin mərkəzi bankları qızıl almaqla maraqlanır. Onlar öz investisiyalarını və vəsaitlərini qorumaq üçün qızıl alırlar, nəticədə isə qiymətlər artır”.
Cəmilə Cəfərzadə






